Natiq Miri: “Hacıbala Abutalıbov Bakı sakinlərindən səs almayıb deyə...”
Bakıda aramsız yağan yağış şəhərdə nəqliyyatı tamamilə iflic etdi, paytaxtın qalaqlanmış problemlərinin üzərindəki toz qatını da yuyub apardı. Kanalizasiyalar işləmədi, evləri su basdı, paytaxtda 7-8 saat davam edən tıxaclar yarandı.
Bakı meri Hacıbala Abutalıbovun yarıtmaz fəaliyyəti paytaxt küçələrində balıq təsərrüfatları üçün yaraya biləcək qədər böyük gölməçələr yaratdı. Hətta şəhərdəki gölməçələrdə qayıq sürüb ümumilikdə hökumətin yarıtmaz fəaliyyətini ortaya qoyan paytaxt sakinləri də oldu. Yağışdan 1 həftə ötməsinə baxmayaraq, bu gün də bəzi ərazilərdə gölməçələr qalmaqdadır.
Sinoptiklər oktyabrın son bir həftəsinin, noyabr ayının isə yarıdan çoxunun yağışlı keçəcəyini proqnozlaşdırırlar. Bu isə o deməkdir ki, Bakı ən azı növbəti ayda da İtaliyanın Venesiya şəhərinə “dönəcək”. Maraqlıdır ki, hakimiyyət dairələri Bakını yağışa təslim edən Hacıbala Abutalıbovla vidalaşmağa tələsmirlər.
Yaranmış durumu şərh edən politoloq Natiq Miri deyir ki, Bakı meri kürsüsü hakimiyyət üçün strateji bir postdur: “Bakı hakimiyyət üçün siyasi, strateji önəm daşıyan şəhərdir. Şəhərin merinin bilavasitə hakimiyyətin yuxarı eşelonundakıların siyasi iradəsi ilə təyinatını labüd edir. Yəni xalqın səsini toplayıb mer seçilmiş şəxs ”yuxarılardan" gələn sifarişləri yerinə yetirməyə bilər. Odur ki, Bakıda mer təyin olunur, seçilmir".
Bununla belə, N.Miri deyir ki, merin seçki yolu ilə müəyyən olunması da vəziyyəti dəyişməyə bilər: “Mütləq mənada ümumilikdə seçki sistemində demokratik yeniliklər olunmaldır. Seçkilər azad, demokratik keçirilməlidir ki, xalqın istədiyi şəxs şəhər merliyinə seçilsin. Seçilən şəxsin təşəbbüsləri nazirlər, hakimiyyət nümayəndələri tərəfindən süngü-bıçaqla qarşılananda, mer bu gün olduğu kimi geri çəkilməsin. Arxasında onu seçən 3-4 milyonluq seçicinin dəstəyini hiss etsin. Seçki yolu ilə mer kreslosuna əyləşən şəxs bu gün olduğu kimi paytaxt sakinləri yollarda qalanda əlbəttə ki, kabinetində oturmayacaq. O, vəziyyəti dəyişmək üçün əlindən gələni edəcək. Küçəyə çıxacaq, ona postunun verdiyi səlahiyyətlərdən istifadə edib vəziyyəti yaxşılığa doğru dəyişməyə çalışacaq, təşəbbüskar olacaq. Hacıbala Abutalıbov Bakı sakinlərindən səs almayıb və seçkidə həmin sakinlərin hər birinin verəcəyi səsdən asılı deyil. Odur ki, hündürmərtəbəli binaların tikintisinə icazə verib başını girləməklə, yol təmir xərclərini özünün istədiyi kimi sağa-sola ötürməklə mer postunda günlərini keçirir”.
N.Miri dedi ki, Bakıda kanalizasiya sisteminin yenilənməsi üçün dövlət büdcəsindən 100 milyonlarla manat pul xərclənib və bu qədər büdcə vəsaitinin qarşısında Bakının 1 yağışa təslim olması ciddi araşdırmalar üçün zəmin yaradıb: “Kanalizasiya xətlərinin yenilənməsi üçün 100 milyon manat pulu kimlərin necə xərclədiyini hüquq-mühafizə orqanları mütləq şəkildə araşdırmalıdırlar. ”Kanalizasiya xətləri niyə bu vəziyyətdədir" sualına cavab verilməlidir. Hacıbala Abutalıbovdan, bu sahəyə cavabdeh olan digər məmurlardan hesab sorulmalıdır. 100 milyonluq kanalizasiya Bakını suda batırmalı deyil".
Qeyd edək ki, 2008-ci ildə rəsmi Bakı Avropa Şurasına üzv olan digər ölkələr kimi merin seçki yolu ilə müəyyənləşməsi öhdəliyinə imza atıb. Bu gün Azərbaycanın baş kəndi Avropa Şurasına üzv olan dövlətlərin paytaxtları sırasında yeganə paytaxtdır ki, mer seçkisi keçirilmir, idarəçilik seçki ilə formalaşmır. Azərbaycan Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürsə də, indiyədək icra etməyib. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi dəfələrlə məsələni müzakirə edib, Azərbaycan hökumətinə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsi tövsiyə olunub. Amma hökumət bu tövsiyələrə müsbət yanaşmayıb. Bu gün digər Qafqaz paytaxtlarında, hətta İranda belə mer seçki ilə müəyyən edilir. Odur ki, sadalanan dövlətlərin paytaxtları yağışda Bakı kimi biabırçı duruma düşmür. 4-5 milyonluq Bakıda merin məhz təyin edilməsi son nəticədə belə mənzərə üzə çıxarır...