Səlim Müslümovun 55 yaşı tamam olur...
Noyabrın 1-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümovun 55 yaşı tamam olur. S.Müslümov 1961-ci il noyabrın 1-də anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək İqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib. 17.01.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib. 2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilib. 2006-cı ilin fevral ayında doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. İqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib. Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.