İQTİDARın iqtisadi KOMANDASI-davammı, YOXsa...

İqtidarın iqtisadi komandası-davammı, yoxsa...

Dövlət başçısı neft pulları eyforiyasından sonra sanki şoka girən iqtisadi komandasını nəhayət ki, hərəkətə gətirməkdədir; tənqidçilər hesab edir ki, iqtisadi dəyişikliklər mütləq komandada yenilənmə ilə müşahidə edilməlidir... 

 

Neftin qiymətinin düşməsi Azərbaycanda yeni iqtisadi islahatları və qeyri-neft sektorunun inkişafını zəruri edib. Prezident İlham Əliyev ötən ilin sonlarından başlayaraq bu istiqamətdə bir neçə fərman və sərəncamlar imzalayıb. Dövlət başçısı neft pulları eyforiyasından sonra sanki şoka girən iqtisadi komandasını nəhayət ki, hərəkətə gətirməkdədir. Hətta uzun illərdir Bakıdan kənara çıxmayan Mərkəzi Bank sədri də nəhayət, rayon ictimaiyyəti ilə görüşlər keçirir.
 
İqtidar tənqidçiləri hesab edir ki, iqtisadi dəyişikliklər mütləq komandada yenilənmə ilə müşahidə edilməlidir. Təbii ki, hökumətdə öz işini bilən və islahatlara töhfə verən kadrlar da var. Bununla belə, müstəqil ekspertlər də o rəydədir ki, Nazirlər Kabinetində yeni nəfəsə mütləq ehtiyac var. Ümumiyyətlə, iqtisadi çətinlik və ya böhran dövrlərində iqtidara yeni kadrların  cəlb edilməsi hər zaman aktual məsələlərdən olur. Çünki bu həm iqtisadi siyasətlə bağlı müzakirələrə yeni çalar qatır və cəmiyyətə də ciddi mesaj olur.
Bu yazıda barəsində çox danışılan, tənqid edilən, bəzilərinin isə öydüyü  iqtidarın iqtisadi komandasında əsas kimlərin olmasını bir daha yada salacağıq.
***
Natiq Əmirov - prezidentin iqtisadi islahatlar üzrə köməkçisi
 
1967-ci ildə Şabran rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünas ixtisası ilə bitirib. M.Əmirov 1991-ci ildən vergi sistemində çalışır. O, əvvəlcə Sumqayıt şəhərində sonra isə Baklıda müxtəlif vergi departamentlərində çalışıb. 2001-2003-cü illərdə Vergilər Nazirliyində departament rəisinin müavini, 2003-2005-ci illərdə İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə vergilər nazirinin müavini, köməkçi təyinatınadək isə vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.
 
Vahid Axundov - iqtisadi siyasət üzrə dövlət müşaviri
 
1942-ci il fevralın 9-da Bakıda anadan olub. İqtisad elmləri doktorudur. 1-ci dərəcə dövlət müşavirinin əmək yolu 1960-cı ildən başlanıb. Bakı qalanteriya fabrikində çilingər işləyən V.Axundov qısa müddətdə avtomobil ehtiyatları zavoduna mühasib keçib. Azərbaycan SSR Dövlət Plan Komitəsində, müxtəlif elmi institutlarda fəaliyyət göstərib. Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda  baş iqtisadçı, Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrində işləyib. 1991-ci ildə Prezident Aparatına (indiki Prezident Administrasiyası-red) gətirilən V.Axundov prezidentin müşaviri vəzifəsinə təyin olunub. 1993-cü ilə qədər prezidentin iqtisadi siyasət üzrə dövlət müşaviri işləyən V.Axundov həmin ilin may ayında Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor göndərilib. Bu post həmçinin baş nazirin baş iqtisadi müşaviri statusunu  daşıyır. 1993-cü ildən isə iqtisadi siyasət üzrə dövlət müşaviridir.
 
Əli Əsədov - prezidentin iqtisadi məsələlər üzrə köməkçisi
 
1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub.  Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 1998-ci ilin aprelindən prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.
Şahin Mustafayev - iqtisadiyyat naziri
 
1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib, 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.
1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində şöbə rəisi, 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi, 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin, 2005-2006-cı illərdə Azərbaycan  Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti, 2006-2008-ci illərdə vergilər nazirinin birinci müavini vəzifələrində işləyib. 2008-ci ildən nazirdir.
 
Fazil Məmmədov - vergilər naziri
 
1964-cü ildə Şamaxı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. 1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də vergilər naziri təyin edilib.
Samir Şərifov - maliyyə naziri
 
1961-ci ildə anadan olub. Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib.
1983-1991-ci illərdə  SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı,  1991-1995-ci illərdə  Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini, 1995 - 2001-ci illərdə Milli Bankda (indiki Mərkəzi Bank-red) departament direktoru, baş direktor, 2001 - 2006-cı illərdə Dövlət Neft Fondunun icraçı direktoru vəzifələrində çalışıb. 2006-cı il aprel ayından maliyyə naziridir.
Elman Rüstəmov - Mərkəzi Bankın sədri
 
1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçısı vəzifəsindən başlayıb.
Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi işləyib.  1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışıb. 1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında(indiki Prezident Administrasiyası-red)  böyük məsləhətçi vəzifəsində işləyib. 
1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini, 1995-ci ilin yanvarından bu günəcən Mərkəzi Bankın(indi belə adlanır-red) İdarə Heyətinin sədridir. O həm də Dünya Bankının Azərbaycan üzrə sədridir. 
Heydər Əsədov - kənd təsərrüfatı naziri
 
Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub. 1995-ci ildə maliyyə nazirinin müavini,  1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru işləyib.
2007-ci ildə Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin olunub. 2013-cü ildən kənd təsərrüfatı naziridir.
 
Natiq Əliyev -  energetika naziri
 
Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olub. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə təhsil alıb. 
İnstitutu bitirdikdən sonra “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Azdənizneftkəşfiyyat” trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləyib. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil alıb, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində çalışıb.  1979-cu ildə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 1984-cü ildən Azərbaycan Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2005-ci ilə qədər Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olub.  2005-ci ildən nazirdir. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur.  (“Yeni Müsavat”)
 






Fikirlər