Son günlər mətbu orqanlarda Bakı Slavyan Universiteti barədə gedən tənqidi yazıların bəzilərinə ali təhsil ocağından reaksiya verilib.
Bu universitetdə gedən proseslərin ictimai müzakirəyə çıxarılmasında iştirak etdiyimizdən, qarşı tərəfin cavab haqqını tanıyaraq, BSU Mətbuat Xidmətinin rəhbəri İbrahim Quliyevin imzasıyla göndərilən materialı olduğu kimi təqdim edirik:
İbrahim Quliyev
"Son günlər Bakı Slavyan Universiteti haqqında bir neçə saytda nöqtəsinə, vergülünə qədər eyni olan, yalnız başlıqları fərqlənən bir yazı gedib. Əvvəl istədik ki, KİV haqqında Qanunun 44 və 45-ci maddələrinə istinad edərək həmin yazıya təkzib verilməsini tələb edək. Ancaq BSU-da həyata keçirilən ciddi dəyişikliklər barədə məlumatın ictimaiyyət üçün də maraqlı olacağını nəzərə alaraq, həmin yazıya cavab kimi hazırladığımız materialı formaca bir qədər dəyişdik.
Bəri başdan qeyd edək ki, haqqında söhbət açdığımız sayt yazısında təzə heç nə yoxdur, avqust, sentyabr aylarında məqsədli şəkildə qəzetlərə, saytlara ötürülmüş və tərəfimizdən cavablandırılmış informasiyalar yenidən təkrar olunur (Görünür, bizim bəzi jurnalistlər "təkrar biliyin anasıdır” ifadəsindən yararlanmağa çalışırlar). Ona görə də bəzi məqamları ümumləşdirir və həmin "məqalə-təkrarı” vaxt etibarilə birinci qoyan sayta istinad etməyə çalışmışıq. Məqalədə ilk növbədə universitetdə lift quraşdırılması məsələsi gündəmə gətirilib. Müəllif yazır: "Rektor özü ikinci mərtəbədə otursa da, liftlə qalxıb düşmək istəyir”. Əslində, bu cümlə ilə Nurlana xanımın özünə lift lazım olmaması etiraf olunur. Həqiqətən də universitetin daxili quruluşu elədir ki, ikinci mərtəbəyə liftlə qalxmağa ehtiyac yoxdur.
Amma universitetə lift lazımdır. Çünki BSU həm öz profil istiqamətinə, həm də nüfuzuna görə xarici ölkələrlə çox sıx əlaqələrə malik olan ali məktəblərimizdəndir. Təkcə son iki ay ərzində buraya 20-ə qədər ölkədən yüksək səviyyəli qonaqlar gəlib, müxtəlif görüşlər keçiriblər. Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən V Beynəlxalq Forumun bir çox nüfuzlu nümayəndələri həmin günlərdə BSU ilə maraqlanmışlar. Bolqarıstanın vitse-prezidentindən tutmuş, Paraqvay Parlamentinin müşavirinə qədər bir çox yüksək çinli nümayəndələr bu universitetdə olublar. Universitetin Akt zalı isə 5-ci mərtəbədə yerləşir, yaşlı qonaqlar gələndə oraya çətinliklə qalxırlar. İndi necə fikirləşirsiniz, nüfuzu beynəlxalq aləmdə gündən-günə yüksələn ölkəmizin əsas universitetlərindən olan BSU-da təhsil prosesi ilə maraqlanan Polşanın Təhsil Nazirliyinin yaşlı əməkdaşına, Çexiyadan, Yunanıstandan, Moskvadan gəlmiş qocaman professorlara "bağışlayın, bizim ölkədə hələ lift yoxdur”- deyək. Biz əslində buna görə Nurlana Əliyevaya minnətdar olmalıyıq ki, xaricdən ölkəmizə gəlmiş qonaqlar yanında üzümüz ağ olur.
BSU haqqında yazan müəllifləri "narahat edən” ikinci məsələ, özlərinin yazdığı kimi, universitetdə "orta yaşı 65-70 civarında olan pedaqoji heyətin çalışmasıdır”!!! Əvvəla qeyd edək ki, insan uzun illər tədqiqat və araşdırmalar nəticəsində elmdə hansısa nailiyyətə imza ata, hansısa adı qazana bilir. 20-25 yaşda alim olmaq çox çətindir. Ona görə də professor-müəllim heyətinin yaşlı olması təbiidir. Bunu nəzərə alaraq, Azərbaycan qanunlarında pedaqoji və tədqiqat işləri ilə məşğul olan alimlərə yaş məhdudiyyəti tətbiq edilmir. Nədir, sayt sahiblərinə ölkənin qanunları da xöş gəlmir? Qaldı əsl həqiqətə, qocaman və yaşlı alim-professor heyəti BSU-nun ümumi pedaqoji heyətinin cəmi 15-20 faizini təşkil edir. Qalanları gənclərdir. Elə isə, bu şər və böhtan kimə və nə üçün lazımdır?
Ümumiyyətlə, belə yazılarda böhtan sərhəd tanımır. Sayt yazır: " Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyətinin böyük bir hissəsini Nurlana xanım özü ilə universitetə gətirib”. Bu da yalandır! Kollecdən bura cəmi 5 nəfər işçi gətirilib ki, onların da əksəriyyəti texniki sahədə çalışırlar. Yaşları da 25- 45 arasında.
Digər tərəfdən, bacarıqlı, qabiliyyətli kadrın gətirilməsində nə kriminal var ki? Əslində, universitetin inkişafına xidmət edən istənilən kadr islahatı dəstəklənməlidir. Sayt yazır: "BSU-da işlə təmin edilən müəllimlərdən ən cavanının yaşı 65-ə yaxındır”. Bu da ağ yalandır!
BSU-da işlə təmin edilən müəllimin ən cavanının yaşı 65 yox, 25-dir. Bir çox kafedra müdirləri və dekanlar 30-45 yaş arasındadırlar. Əgər bu saytlar 30-45 yaş arasındakı insanları qoca hesab edirlərsə, bu onların öz problemləridir.
Yazı müəlliflərinin "faktları” bununla bitir. Bundan sonra "ehtimallar” gəlir və həmin ehtimalları burada olduğu kimi sadalamaq yerinə düşər:
Sayt yazır:
1. "Çox güman ki, rektor yeni dərs ilində universitetdə gəlir yerləri də açacaq...”. (Fikir verin: Obyektivlikdən, düzlükdən danışan sayt guman, fərziyyə əsasında fikir yürüdür).
2. "Universitetin istehsal müəssisəsi olmadığını nəzərə alsaq, yeni rektorun həmin pulu tələbə və müəllim heyətindən çıxaracağına şübhə etmirəm...”
(Özlüyündə kimin nəyə şübhə etməsi öz işidir, amma şübhə əsasında kiminsə haqqında qərar vermək ən azı cəmiyyətə hörmətsizlikdir!)
Digər bir cümlə:
3. ”Göründüyü kimi, bu açıqlama... rektorun rəhbərliyi altında uiversitetində bundan sonra rüşvətxorluq hallarının artacağına dair irəli sürdüyümüz ehtimalları... təsdiq edir” (Jurnalistika faktdır, ehtimal deyil! Ehtimal əsasında kimisə rüşvətxor, korrupsioner adlandırmaq insan şərəfinin və ləyaqətin təhqiridir).
Sonda bir məqamı da vurğulayım ki, səkkiz saytda getmiş yazının hamısında eyni səhvlər təkrar olunmuşdur. Görəsən, bu saytların heç birinin redaktoru "bənbə” yox, "mənbə”; "zənnlərində” yox "zənlərində”; "keçikmək” yox, "gecikmək”, "buna” yox, "bina” yazıldığını bilmirlər?
Bir sözlə, bu yazıların nə məqsədlə yazıldığı bizə bəllidir!!! Lakin xırda maraqlara görə Azərbaycanın tanınmış bir xanımını, ölkənin nüfuzlu bir ziyalı qadınını, professorunu hədəfə almaq və onun haqqında şər və böhtan səsləndirmək Azərbaycan kişisinə yaraşan hərəkət deyil.
Buna yalnız təəssüflənmək olar”.