13.08.2014- “..hədəfdəki Mikayıl Cabbarovdur...” -Mətbuat katibi
20 müəllimin imza atdığı bildirilən məktubda GDU-da rüşvət faktlarından söz açılır. Əsasən universitetin rektoru Yusif Yusifovu hədəf götürən və müraciət əsasında hazırlanmış məqalədə bildirilir ki, rektor maliyyə nazirliyində işləyən qardaşına və təhsil nazirinə arxayın olaraq özbaşınalıq edir.
Məqalədə həmçinin bildirilir ki, universitetdə baş verənlərlə bağlı ANS televiziyasının "Şəbəkə" verilişlərindən birində GDU müəllimlərinin şikayətlərindən bəhs olunub və bu özbaşınalıqlar geniş işıqlandırılıb: “Lakin universitetin rəhbərliyi müraciətdə göstərilən nöqsanları aradan qaldırmaq, kütləvi informasiya vasitələrində gedən yazılara münasibət bildirməkdən qətiyyətlə yayınır”. Müəllimlər deyir ki, rektorun iddia etdiyinə görə təhsil naziri Mikayıl Cabbarov bir sıra ali məktəblərin rəhbərliyinə mühüm səlahiyyətlər verən əmr imzalayıb: “Bu əmr universitet rəhbərliyinə imtahanlardan yaxşı qiymət almayan ödənişsiz əsaslarla oxuyan tələbələri cəzalandıraraq ödənişli əsaslarla, bir kurs aşağı pillədən tədrisə davam etdirmək hüququ verir. Əmrin bu şərtlərini rektorun pulyığanları - Asif Cavadov, dekanlar, tyutorlar tələbələrə izah edir, onları kəsirlə qorxudaraq onlardan rüşvət tələb edirlər”.
Mətbuat katibi: Bu yazılar böhtan xarakterlidir Müraciətdəki ittihamlarla əlaqədar GDU-nun mətbuat katibi Ümmülbanu Əvəzqızı Teleqraf.com-a açıqlama verib. O bu yazıların böhtan xarakteri daşıdığını, hətta məqalədə adıçəkilən müəllimlərin adından təkzib məktubu göndərilsə də, məktubların işıqlandırılmadğını deyib: “Əvvəlki məqalələrdə 20 müəllimin adı çəkilirdi, sonradan həmin müəllimlərin adından məktub göndərildi və o müəllimlərin adı yığışdırıldı. Bütün yazılara fikir verəndə aydın olur ki, rektorla paralel şəkildə Təhsil naziri Mikayıl Cabbarov də hədəfə götürülür.
Azərbaycan reallığında bütün təhsil müəssisələrində rüşvət hallarına rast gəlinir, buna nazirlik səviyyəsində də, təhsil müəssisəsi daxilində də mübarizə tədbirləri aparılır".
26 müəllim etiraz edir
Qeyd edək ki, universitetin bir qrup professor-müəllim heyətindən ibarət əməkdaşları – professorlar Həsənbala Sadıqov, Vaqif Novruzov, Şaiq Məmmədov, Telman Orucov, dosentlər Elçin Сavadov, Yaqub Сəfərov (cəmi 26 imza) Teleqraf.com-a yazıblar ki, 30 iyul 2014-сü il tarixində Gənсə Dövlət Universiteti ilə bağlı saytlarda yerləşdirilən yazıya etiraz bildiriblər: “Belə dedi-qodu xarakterli, şablon yazılar nə vaxtadək davam edəсək? Reallıq yalnız odur ki, təbii haldır, keçmiş rektor işdən çıxdıqdan sonra rektorluq postunu kimsə tutmalıydı. O da məlumdur ki, kimliyindən asılı olmayaraq həmin şəxsə də eyni böhtanların yağdırılaсağı gözlənilən bir haldır.
Belə xarakterli yazılar ikrah doğurur. Biz bu müraсiətimizlə bir çox qaranlıq məqamlara işıq tutmaq niyyətindəyik. Hesab edirik ki, kimlərsə keçmiş rektor Yadigar Əliyevin adından sui-istifadə edərək, Gənсə Dövlət Universitetinin tərəqqiyə doğru irəliləyən həyatına çaxnaşma salmaq və universitetin adına xələl gətirmək istəyirlər. Belələri təkсə Yadigar müəllimin deyil, universitetin professor-müəllim heyətinin də adını hallandırırlar”.
Məktubda daha sonra bildirilir ki, universitetin və əməkdaşlarının haqqında heç bir fakta söykənməyən böhtan xarakterli yazıları bir daha dərс olunarsa, bundan sonra müvafiq orqanlara müraсiət ediləcək.
Sevil HİLALQIZI