Qənimət Zahid: “Biz qrant almamışıq, almırıq... Fransaya hər kim gəlsə, yazacaqlar ki, Qənimətlə dalaşdı?”
Azərbaycan saytlarında AXCP sədri Əli Kərimli ilə “Azadlıq” qəzetinin baş redaktoru və “Turan TV”nin rəhbəri Qənimət Zahid arasında qrant qalmaqalı yaşanmasına dair xəbərlər yayılıb.
AzToday.az saytında dərc olunan xəbərə görə, Corc Sorosa bağlı donor təşkilatlardan birinin “Azadlıq” qəzetinə ayırdığı 175 min avroluq qrant layihəsinin pulunu Azərbaycana birbaşa gətirmək imkanı olmadığından, həmin vəsait hazırda Fransada yaşayan Qənimət Zahidə çatdırılıb. Mənbə iddia edib ki, Qənimət Zahid həmin vəsaiti Bakıya çatdırmaq əvəzinə özünün TV layihəsinə xərclədiyindən Əli Kərimli bundan narazı qalıb və həmin vəsaiti Q. Zahiddən tələb edib. Sayt bildirir ki, yaşanan qalmaqalı çözmək üçün Əli Kərimli “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi yanvarın 5-də Fransaya yola salıb.
Sayt eyni zamanda yazıb ki, böyük ehtimalla Rahim Hacıyev Qənimət Zahiddən 175 min avro pulun müəyyən hissəsini alaraq geri dönəcək. Xəbərdə yazılana görə, Q. Zahidin 175 min avro vəsaiti özündə saxlaması səbəbsiz olmayıb. Belə ki, Əli Kərimlinin rəhbərlik etdiyi “Azadlıq” qəzetinin çapının bərpa olunmamasından və azadlıq.info saytının informasiya siyasətindən Qənimət Zahid narazı qalıb. Söhbət Əli Kərimlinin məlum səbəblərdən “Azadlıq” qəzetini hakimiyyətə güzəştə getməsindən gedir...
Donor təşkilat tərəfindən “Azadlıq”a ayrılmış 175 min avroluq qrant layihəsi qəzetinin 6 ay ərzində bütün maliyyə məsrəflərinin ödənilməsi üçün nəzərdə tutulubmuş. Artıq layihənin icra olunduğu ilə bağlı bütün sənədlər saxtalaşdırılaraq donor təşkilata göndərilib. Layihədə “Azadlıq” qəzetinin əməkdaşlarına 1000-1500 avro həcmində maaş verildiyi qeyd olunub.
Amma sayt Əli Kərimlinin Rahim Hacıyev tərəfindən Fransada Qənimət Zahiddən alınıb, Bakıya gətirəcəyi pulu qəzetin deyil, özünün və partiyanın xərclərinə sərf etmək niyyətində olduğunu da qeyd edib. Sayt daha sonra yazır: “Əli Kərimli ilə Qənimət Zahid arasında yaşanan 175 min avroluq qalmaqaldan araşdırmaçı jurnalist, vicdan məhbusu olmuş Xədicə İsmayıl da bərk narahat olub. Belə ki, xanım jurnalist 175 min avroluq vəsaitin təyinatı üzrə xərclənməməsi və saxta sənədlərlə layihənin icra olunduğunu göstərdiklərinə görə Əli Kərimlinin dəstəsinə iradını bildirib. AXCP sədri Əli Kərimlinin nəzarətinə aldığı ”Azadlıq" qəzetinin çapını dayandırması və bərpa etməməsi ilə bağlı indiyədək müxtəlif iddialar səslənib. Bəzi məlumatlara görə, qəzetin çapının bərpa edilməməsində Əli Kərimli özü maraqlıdır və məqsədi xarici təşkilatlardan pul almaqdır. Amma görünür, Əli Kərimli çevrəsini aldatmağa müvəffəq ola bilməyib".
Ölkə.az saytı isə bu informasiyaları daha da dərinləşdirərərək, yeni rakurslara toxunub. Sayt yazıb ki, bu yaxınlarda Fransaya səfər edən “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, qəzetin yazarı Səadət Cahangir, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və Xatirə Əliyeva bu ölkədən (Fransadan) deportasiya edilib. Məqalədə göstərilib ki, buna səbəb Rahim Hacıyevlə Q.Zahid arasında şiddətli mübahisənin baş verməsi olub.
Sayt aşağıdakıları qeyd edib: “Ağır maliyyə böhranında olan və çapını dayandıran ”Azadlıq" qəzetinə ənənəvi formatının bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu tərəfindən 175 min avro məbləğində vəsait ayrılıb. Həmin vəsaiti isə Fransada yaşayan Qənimət Zahid əldə edərək, özünün yeni təsis etdiyi “Turan TV”yə sərf etmək üçün saxlayıb. Ancaq həmin vəsaitin yarısını almaq üçün Rahim Hacıyev, Səadət Cahangir, Təzəxan Mirələmli və Xatirə Əliyeva ötən həftə AXCP sədri Əli Kərimlinin göstərişi ilə Fransaya yollanıb. Əli Kərimli göndərdiyi şəxslərə təlimat verib ki, 175 min avronun ən azı yarısı Qənimətdən alınaraq, ona gətirilsin. Hətta həmin vəsaiti Bakıya gətirmək üçün hava limanında şübhə yaranmasın deyə, pulların 4 nəfərin arasında bölünməsi tapşırığı verilib. Ancaq Əli Kərimli ilə Qənimət Zahid arasında mövcud olan “soyuq” münasibətlər bu məsələdə də özünü göstərib. Rahim Hacıyev Q.Zahiddən pulun yarısını istəsə də, “yox” cavabı alıb. Q.Zahid R.Hacıyevlə söhbəti zamanı həmin pulları Əli Kərimliyə verməyəcəyini deyib. Bundan sonra onların arasında şiddətli mübahisə yaranıb. Hətta aralarında pul üstündə yaranan mübahisə Fransada əlbəyaxa dava ilə nəticələnib. Hadisəyə Fransa polisi də qarışmalı olub. Hadisə ilə əlaqədar Əli Kərimlinin Fransaya ezam etdiyi şəxslər polisə aparılıb, ifadələri alındıqdan sonra isə ölkədən deportasiya edilib".
Ölkənin iki informasiya mənbəyində bir-birinin davamı olan iki informasiyanın verilməsi isə yetərincə diqqət doğurur. Bu xəbərlərin doğruluq payını öyrənmək üçün “Yeni Müsavat” öncə “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla əlaqə saxladı.
Müsahibimiz dedi ki, bu haqda onda heç bir məlumat yoxdur: “Heç nə eşitməmişəm. Bizim əməkdaşlar xaricə internet təhlükəsizliyi ilə bağlı təlim var, ona görə gediblər. Qalan məsələlər barəsində isə məlumatım yoxdur”.
“Yeni Müsavat”a açıqlamasında Q.Zahid öncə onu dedi ki, bu barədə yazılanları “düşük yazılar” hesab edir. Müsahibimiz belə yazıların ciddi adamların diqqətini cəlb etməsinə təəccübləndiyini bildirdi: “Bu axmaq fantaziyaların şərh edilməsi üçün sizin də, özümün də zamanıma heyfim gəlir. ”Azadlıq" qəzetinin çap variantı borca, maliyyə probleminə görə bağlanmayıb. - bu, bir. “Azadlıq” qəzeti və ya "Turan TV" heç bir fonddan heç bir qrant almayıb - bu, iki. “Fransada dava düşdü, polis kimlərisə deportasiya elədi” kimi düşüncəsiz dezinformasiyaları şərh etmək isə mənasız bir işə daha mənasız zaman israfıdır. Məndən sonra Fransaya kim gəlsə, yazacaqlar ki, getdi Qənimət Zahidlə dalaşdı gəldi və mən də təkzib etməli olacam ki, yalan sözdü? Adıçəkilən şəxslər Fransaya internet təhlükəsizliyi ilə bağlı təlim üçün gəliblər və həmin təlimdə 40-50 nəfər adam iştirak edib".
Q.Zahid "Turan TV"nin maliyyəsi ilə bağlı sualları da cavablandırdı. Dedi ki, bu günə qədər bu TV ilə bağlı ona 50 dəfə sual olub, 51 dəfə də cavab verməsinə baxmayaraq, hələ də mövzu davam edir: “Bu, qrant layihəsi deyil. "Turan TV"nin yaradılması və fəaliyyəti ilə bağlı heç bir fonddan heç bir sent qrant alınmayıb. Siz ilk dəfədir soruşursuz, amma 51 - incisiz, hər halda. Amma mənə fərq eləmir...100 dəfə də soruşsalar cavab verəcəm. İndi qrantı yalnız hakimiyyətyönlü QHT- lər alırlar. Həm ölkənin daxilindəki, həm də xaricindəki mənbələrdən. Amma bizim TV-yə azərbaycanlılar yardım edirlər, abunə sisteminə bənzər bir sistem var. 100-lərlə insan yardım edir. 10 avrodan başlamış 100 avroya qədər. Biz bu sistemi qura bilmişik və elə də davam edirik. Başqaları üçün bir TV-nin aylıq xərcləri 50 mindən başlaya bilər, amma biz minimal xərclərlə davam edirik. Maaş almırıq. Texniki xərcləri ödəməklə kifayətlənirik. Bir qəzetin aylıq xərcindən daha az məbləğdə həll edirik. "Turan TV"yə dəstək vermək istəyənlər mənimlə əlaqə saxlaya bilərlər. Başqa heç kim bu işlə məşğul deyil və biz abunəçilərin gizliliyini qoruyuruq”.
Müsahibimiz söhbət zamanı “Azadlıq” qəzetinin çapının bərpasına da toxundu. Dedi ki, bu məsələ maliyyə problemi ilə bağlı deyil: “Sadəcə, həbs etdikləri adamın əvəzinə səlahiyyət verilən başqasının imzasının bank tərəfindən tanınması lazımdır vəssalam. Bank isə (Beynəlxalq Bank) yuxarıdan sifariş gözləyir. Məsələ bu qədər bəsitdir”.
AzerTaym.az