“Milli Məclis məsuliyyəti prezidentlə bölüşsün” – DEPUTAT
“Konstitusiyaya görə, Azərbaycan prezidenti Silahlı Qüvvələrdən öz təyinatına uyğun olmayan məqsədlər üçün istifadə etməsi üçün Milli Məclisin razılığını almalıdır. Bundan başqa, Konstitusiyanın 111 və 112-ci maddələrində qeyd edilir ki, prezident hərbi, fövqəladə vəziyyətin təyin olunması ilə bağlı fərman imzalayır və fərmanı təsdiq olunması üçün Milli Məclisə göndərir. Fərman 24 saat ərzində Milli Məclisə göndərilməli və Milli Məclis də 48 saat ərzində bu fərmana baxmalıdır”. Bunu APA-ya müsahibəsində “Hərbi vəziyyət haqqında” qanun layihəsi ilə bağlı fikirlərini şərh edən deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, qanunverici orqan nəzəri olsa belə, ən pis variantı nəzərə almalı və qanunda bu əksini tapmalıdır: “Müasir zamanda 24 və 48 saat çox böyük zamandır. Azərbaycanın istənilən sərhədindən paytaxta 3-4 saatlıq yoldur. Elə Türkiyədə baş vermiş sonuncu hadisələr zamanı gördük ki, parlament toplaşa bilmədi. Digər tərəfdən Konstitusiyada müddəa var, amma bunun hüquqi mexanizmi, yəni razılığın alınması barədə qanun qəbul edilməyib. Konstitusiyada yazılıb ki, prezident ölkə daxilində Silahlı Qüvvələrdən istifadə edilməsi barədə Milli Məclisə təqdimat verir. Ölkədə hərbi vəziyyət nə zaman elan olunur? Ölkə real hücum təhlükəsi ilə üz-üzə qaldıqda, yaxud ölkəyə real hücum olduqda hərbi vəziyyət elan olunur. Mən ona görə təklif edirəm ki, Milli Məclis prezidentə bu səlahiyyəti verməlidir. Yəni prezident fərman imzalayır və bu fərmanı təsdiq üçün Milli Məclisə göndərir, Milli Məclisdə təsdiq olunmasa, yenə fərman qüvvədən düşmüş sayılır. Amma prezidentin dərhal reaksiya vermək imkanı olmalıdır”. Q. Həsənquliyev bildirib ki, xalq prezidenti seçməklə həm də Ali Baş Komandanını seçib: “Bəzi dövlətlərin hərbi doktrinasında, Milli Təhlükəsizlik Konsepsiyasında dövlət başçısına hətta nüvə silahından önləyici tədbir kimi istifadə edə bilmək səlahiyyəti verilib. Necə ola bilər ki, Azərbaycanda Ali Baş Komandan zəruri hallarda hərbi vəziyyət elan edə bilməsin?! Hüquqi mexanizm olaraq gərək dərhal Milli Məclisi yığışıb, buna razılıq versin. 24 saata da bunun üçün çox böyük zamandır. İndi saniyələr belə həlledicidir”. Deputat onu da vurğulayıb ki, Konstitusiya da bunu qadağan etmir: “Konstitusiyada Milli Məclisin razılığının alınması var, biz qanunla sadəcə, razılığın alınması mexanizmini açırıq ki, yəni Milli Məclisin razılığı necə alınır. Yaxşı olar ki, Milli Məclis prezidentə bu səlahiyyəti verməklə məsuliyyəti bölüşsün, hüquqi mexanizm yaratsın”. Q. Həsənquliyev deyib ki, Silahlı Qüvvələrdən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə halları başqa ölkələrin də təcrübəsində genişdi: “Ölkədə böyük bir təbii fəlakət ola bilər, Silahlı Qüvvələrin dəstəyinə ehtiyac yarana bilər. O vəziyyətdə 24 saat Milli Məclisi gözləmək lazım deyil ki, Milli Məclis toplaşsın, qərar versin. Biz Katerina qasırğası zamanı ABŞ-ın cənub ştatlarında ordunun insanların xilas edilməsinə cəlb olunduğunu gördük. Belə hallarda da dərhal qərar qəbul edilməsi lazımdır. Bəzən bir insan həyatı saniyələrdən asılı olur”.