Baş nazirin müavini MEHRİBAN ƏLİYEVAnın Birinci vitse-prezident təyin edilməsinə MÜNASİBƏT BILDIRDI — EKSKLÜZİV
Baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsinə münasibət bildirib. A.Şərifov açıqlamasında deyib ki, sözügedən təyinat Azərbaycanın uğurudur: “Bu, bütün Azərbaycanın uğurudur. Mən bu sərəncama çox sevinirəm. Bu, Azərbaycanın gələcək inkişafı üçün çox vaxtında və düzgün düşünülmüş təyinatdır. Mehriban xanımın Azərbaycan üçün gördüyü işlər və ölkədə qazandığı hörmət hamının gözü qarşısındadır. Mehriban Əliyeva çox qısa müddətdə Azərbaycanı İtaliyada, Fransada və digər dünya dövlətlərində nüfuzlu ölkə kimi tanıdıb. Bu qədər işləri ancaq hər hansı nazirlik görə bilərdi. Ancaq Mehriban xanım bu işləri təkbaşına görüb. Bunun nəticəsində də Azərbaycan bu gün dünyada yaxşı cəhətdən tanınır, beynəlxalq nüfuz qazanan ölkəyə çevrilib”. A.Şərifov qeyd edib ki, indi Azərbaycan həm İslam dünyasında, həm də Qərbdə nüfuzlu və inkişaf edən müstəqil dövlətdir: “Diqqət edin, ilk dəfəyə yüksək səviyyədə olimpiyada təşkil etmək hər bir adamın və ya ölkənin bacaracağı iş deyil idi. Bunun üçün həmin ölkənin zəngin təcrübəsi olmalıdır. Amma Mehriban Əliyeva “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin, “Bakı 2015” ilk Avropa Oyunlarının və digər mötəbər tədbirlərin Təşkilat Komitəsinin rəhbəri olaraq, bütün dünyanı heyran qoydu.Azərbaycan xalqı bu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə qürur hissi keçirdi, fərəhləndirdi. Bu il isə Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Bu çox ağır və şərəfli yükdür. Bu yükün öhdəsindən də hər adam gələ bilməz. Burada həm yüksək nüfuz, həm bilik-təcrübə, həm də güclü diplomatiya lazımdır. Ancaq Mehriban Əliyevanın gördüyü uğurlu işlər bizdə tam əminlik yaradır ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da ən yüksək səviyyədə ev sahibliyi edəcək”. Baş nazirin müavini Mehriban Əliyevanın ölkədə misilsiz humanitar addımlar atdığını da söyləyib: “Bir neçə il öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Masazır qəsəbəsində uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası inşa edilərək, istifadəyə verilib. Bu bina 120 mənzildən ibarətdir və bütün şəraitlə təmin olunub. Bəzən buna “yetimlər evi” deyirlər. Ancaq buranı “yetimlər evi” adlandırmaq doğru deyil. Burada mənzillə təmin olunan gənclərin hər biri valideynlərini itirmiş kimsəsiz uşaqlardır. Onların yaşamağa yerləri yox idi. Çox sağ olsun ki, Mehriban xanımın təşəbbüsü ilə həmin bina inşa edilərək, istifadəyə verildi. Bu gün həmin kimsəsiz insanlar yüksək səviyyəli şəraiti olan həmin mənzillərlə təmin olunub. Bu cür yardım və dəstəklər hansı ölkələrdə var? İnanın ki, əksər inkişaf edən ölkələrdə belə bu cür işlər görülmür. Bu ağıla gəlməz müsbət işlərdir. Bu işləri görmək üçün isə böyük humanistlik lazımdır”. A.Şərifov bildirib ki, Mehriban Əliyeva təkcə mədəniyyət və humanitar sahələrdə deyil, səhiyyə sahəsində də böyük uğurlar və nüfuz qazanıb “Ona görə də bu yaxınlarda Mehriban Əliyeva beynəlxalq tibb elmi sahəsindəki xidmətlərinə və İsrail ilə Azərbaycan arasında səhiyyə əlaqələrinin inkişafına töhfələrinə görə İsrail Tibb Akademiyasının fəxri doktoru diplomuna layiq görülüb. Bütün bunları ona gördüyü uğurlu işlərə görə verirlər. Ona görə də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi çox sevindirici addımdır. Bu, Azərbaycan xalqının mütləq əksəriyyətinin ürəyindən olan seçimdir. Mən özümün və ailəmin adından Mehriban xanımı bu vəzifəyə təyin olunduğu üçün təbrik edirəm, ona uğurlar arzu edirəm. Cənab Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya can sağlığı arzu edirəm. Arzum budur ki, Azərbaycanın uğurlu daha da artsın, xalqımız daha firavan yaşasın!”. "AzerTaym.az"