“Azərbaycanda insan dəyərlidir, yoxsa avtomobil?” – FAZİL MUSTAFA

1380374086_fazil_mustafa

Baş Dövlət Yol Polisi İdarəsinin iyun ayının 7-dən məcburi sığortası olmayan avtomobillər radar vasitəsi ilə müəyyənləşdiriləcəyi ilə bağlı xəbərdarlığı birmənalı qarşılanmayıb.

Millət vəkili Fazil Mustafa açıqlamasında, bu xəbərdarlığın sığorta şirkətlərinin xeyrinə işləyəcəyini söylədi:

“Bu əslində normal bir tələbdir və qəza risqlərini nəzərə alaraq bu qaydaya əməl olunmasının sürücülərdən tələb edilməsi yaxşı haldır. Ancaq burada sistemli bir proses öz əksini tapmalıdır. Avtomobil hansısa qəza törətədikdə, hansısa zədələnmələr olduqda özbaşınalıqla məşğul olan sığorta şirkətlərindən sığorta pulunu almaq xeyli müşkülə çevrilir. Qabadayı formada bildirilir ki, ya sövdələşməyə gedib məbləğin bir hissəsini ala bilərsən, ya da heç nə verilməyəcək. Məhkəmə yolu ilə də məsələnin həllində yenə də himayəsi güclü olan sığorta şirkətləri qazanclı çıxır”.

Millət vəkili avtomobillərin məcburi sığortasının daha aktual məsələni, icbari tibbi sığortanı gündəmə gətirdiyini deyir:

“Azərbaycanda insan dəyərlidir, yoxsa avtomobil? Özünüzü yormayın və bu testə cavab üçün aylarla repititor yanına getməyə də gərək yoxdur. Yəni cavabın A, B və ya C variantı yoxdur. “Əlbəttə, avtomobil!” ən doğru cavabdır. Çünki əlahəzrət məntiq nə deyir, avtomobil üçün tələb olunan məcburi sığorta illərdir insan üçün tələb olunmur. İllərdir məcburi tibbi sığortadan danışırıq, ancaq insan dəyər etibarı ilə avtomobil olmadığına görə bunun üzərindən sükutla keçilir. Nəhayət ki, haçansa eşitməyimiz mümkün olacaqmı ki, kimin məcburi tibbi sığortası olmasa, onları bir-bir tapıb sığortalayacaqlar? İki rayonda pilot layihəsi həyata keçirilir, çox müsbət bir başlanğıcdır, ancaq bunu uzatmağa nə ehtiyac var? Dərhal bütün Azərbaycan ərazisində məcburi tibbi sığortaya keçməklə avtomobillərin insanlara yekəxana baxmasının da qarşısını almış olaraq”.(oxu.az)

 






Fikirlər