Hüseyn Cavid prospektində yeni piyada KEÇİDİ AÇILDI

Bu gün Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində inşa edilən yeni piyada keçidinin açılış mərasimi olub.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovun iştirakı ilə açılan keçid sakinlərin istifadəsinə verilib.

Mərasimdə bildirilib ki, Hüseyn Cavid parkının qarşısında inşa edilən keçidin layihəsi "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanıb. Yeraltı keçid 2 giriş-çıxışlı, ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkən hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir.

Keçiddə təhlükəsizlik kameraları quraşdırılıb və keçid ərazisinin 24 saat müşahidə edilməsi üçün xidməti otaq yaradılıb. Keçidin girişində 28 pilləkən 1 marş, çıxışında isə 27 pilləkən 1 marş var. Yeraltı keçidin gövdə uzunluğu 32.2 metrdir. Keçiddə əlillər üçün pandus da inşa edilib.

Qeyd edək ki, avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilən yeraltı keçidin inşasına 2016-cı ilin sentyabr ayında başlanılıb. Keçid "Azəravroyol" ASC-nin "6 saylı Yol İstismarı" MMC tərəfindən inşa edilib.

AzerTaym.az






Fikirlər