"Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının təşəbbüsü ilə bu ilin martından başlayaraq Mətbuat Muzeyi ideyası həyata keçirilib.
Üç ay gərgin zəhmətin nəticəsində "Şərq" qəzetinin giriş və foyesində, redaksiyanın 4 otağında Azərbaycan mətbuat tarixini əks etdirən eksponatlar hazırlanıb.
Muzeydə 150-dən çox eksponat nümayiş olunur. 136 yaşlı "Ziya" qəzeti, "Molla Nəsrəddin", "Dəbistan", "İşıq", "Məktəb", "Zənbur", "Yeni Qafqaziyyə", "Türk izi", "Türk amacı", "Azərbaycan" kimi anadilli mətbu nümunələrin orjinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar toplanılıb.
Muzeydə M.F.Axundovun, H.Zərdabinin, Əli bəy Hüseynzadənin, M.Şahtaxtlının, M.Ə.Sabirin, M.Hadinin, Şəfiqə xanım Əfəndizadənin, Xədicə xanım Əlibəyovanın, Ə.Topçubaşovun, C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Xəlil İbrahimin, Üzeyir bəy Hacıbəylinin, Əzim Əzimzadənin, Nəsir İmanquliyevin portretləri nümayiş olunur.
Eksponatlar sırasında Cənubi Azərbaycanda və Türkiyədə çap olunan anadilli jurnal və qəzetlər də qorunub saxlanılır. Azərbaycanın sovet dövrü jurnalistikası və müasir mətbuatın mənzərəsi də muzeydə əksini tapır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında oynadığı böyük rol da muzeyin giriş hissəsində əhatəli geniş ekspozisiyada nümayiş olunur.
Mətbuat tarixinin önəmli şəxsiyyətləri olan böyük qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar da insanda zəngin təəssürat yaradır.