Bu gün şeyxin qudası məhkəmə QARŞISINA ÇIXACAQ
Sabunçu məhkəməsində Çingiz Qənizadənin Qalib Salahzadəyə qarşı iddiasına baxılacaq... Şeyxin qudası, keçmiş deputat Qalib Salahzadə (Hacı Qalib) bu gün məhkəmə qarşısına çıxarılacaq. Q.Salahzadəni məhkəməyə deputat Çingiz Qənizadə verib. Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də Sabunçu Rayon Məhkəməsində baş tutacaq. Cinayət Məcəlləsinin 147-ci maddəsində qeyd olunur: “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma”. Bu maddənin cəzası isə yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri, ən pis halda isə altı ayadək müddətə azadlıqdan məhrum etmədir. Çingiz Qənizadə azvison.az saytına bildirib ki, Hacı Qalib haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar. “Bu məsələdə fikrim qətidir. O, haqqımda dediyi sözlərə məhkəmədə aydınlıq gətirməlidir. Əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar”. Sentyabrın 28-də Qalib Salahzadə modern.az saytına açıqlamasında məsələ ilə bağlı aşağıdakılar bildirmişdi: “Əgər mən bir şeyi deyirəmsə, deməli, onu düz deyirəm. Mən Çingiz Qənizadə haqqında heç bir yalan məlumat verməmişəm. Mən demişəm ki, Çingiz Qənizadənin keçmişi qaranlıqdır və sözümün üstündə də dururam. O, məni məhkəməyə verib. Məhkəmədə isə çox şeylər açılacaq. O, gördükləriniz jurnaldır”. Məsələ burasındadır ki, Şeyxin qudasının təkcə özü deyil, oğlunun da başı dərddədir. Belə ki, Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə artıq 2 həftədir həbsdədir. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək Kürdəxanı həbsxanasına göndərilib. Ona qarşı Cinayət Məcəlləsinin 315.2. maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb. Ə. Salahzadəyə qarşı irəli sürülmüş maddəyə görə, o, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Hacı Qalib ictimaiyyətdə tez-tez mətbuata verdiyi ehtiyatsız açıqlamaları ilə gündəmə gəlir. Bundan başqa, o, ən çox həccə gedən şəxs kimi də tanınır. Özünün söyləməsinə görə, indiyədək 29 dəfə müqəddəs məkanı ziyarət edib. Həmçinin söyləyib ki, bu vaxta qədər 500 nəfəri Həcc ziyarətinə göndərib. Məlum olduğu kimi, Həcc ziyarəti bir nəfər üçün 6500 manatdan baha başa gəlir. 500 nəfərin 6500 manatdan ziyarətinin xərci isə 3 milyon 250 min manatdır. Bu baxımdan Hacı Qalibi milyonçu da adlandırmaq olar. Milyonlar xərcləyən Qalib Salahzadənin bu məhkəmədən necə çıxacağını isə zaman göstərəcək...