İslama həqarət edən deputata reaksiya gəldi - İKİ RƏY

Fazil Mustafa: “Ağacan müəllimin fikirlərinin bu qədər dözümsüz qarşılanmasını anlamıram”; Emil Rahiloğlu: “Bu, onun mədəni naqisliyindən doğan haldır”

Deputat Ağacan Əbiyevin İslam dini ilə bağlı səsləndirdiyi fikirlər ciddi qalmaqala səbəb olub. Xəbər verdiyimiz kimi, o, xaricdə dini təhsil almağın qəti əleyhinə çıxıb və bir sıra başqa qalmaqallı açıqlamalar verib. “Məhəmməd peyğəmbər ortaya çıxandan indiyə kimi islam elmi texniki tərəqqidə nəyə nail oldu, ümumiyyətlə, islam dini hansı bir elmi kəşfə imza atdı” deyən deputatın bu kimi fikirlərinə münasibət öyrəndik.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya görə, onun fikirlərində həqiqət payı olan məsələlər də var, ziddiyyətli fikirlər də: “Məhəmməd Peyğəmbər dini gətirməyib, din Allah tərəfindən göndərilən inananlar üçün bir yoldur və onun da mesajları təkrarolunmazdır. Amma həqiqətən də islam dünyası dini Məhəmməd Peyğəmbərin təbliğ etdiyi kimi yaşamadığına görə, uzun müddət cəhalət və xurafat içində qalmalı olub. Lakin bununla yanaşı, İslam arealında kifayət qədər elm adamları yetişib. Amma müasir dövrün elmini, texnologiyasını təbliğ edən İbn Sina, Məhəmməd Fərabi kimi alimlərin qarşısına Qəzali kimi bir kəlam ustadını çıxardılar. O demək olar ki, fəlsəfəni qadağan etməklə, fəlsəfənin mənasızlığını ortaya qoymaqla İslam dünyasında fikir müzakirəsinin qarşısını aldı. Bu da düşüncənin İslam dünyasında önə keçməsinin qarşısını aldı. Bu baxımdan həqiqətən də XIV-XV əsrdən sonra dünyada mövcud olan kəşflərin heç birində İslam arealının rolu yoxdur. Hər halda bir Eynşetyn, Nyuton yetişdirə bilmədik. İstifadə etdiyimiz də Qərb texnologiyası oldu. Bu baxımdan xaricə elmi biliklərə yiyələnmək üçün adamların göndərilməsi vacibdir. Amma bu o demək deyil ki, İslam sahəsində bilgi öyrənmək üçün ilahiyyat elmini seçən insanlara xor baxmaq lazımdır. Doğru dinin təbliği üçün fayda verə bilərlər. Ağacan müəllimi narahat edən odur ki, oxuyandan sonra da əgər adam cahil olursa, yaxud zorakılığı qəzəbi, nifrəti təbliğ edirsə, yaxud onu dəyər olaraq özü üçün seçirsə, bunun bizə faydası olmur.

Image result for Fazil Mustafa

Ağacan müəllimin fikirlərinin bu qədər dözümsüz qarşılanmasını anlaya bilmirəm. Adam həqiqətləri söyləyib. Lakin söylədiyi məsələlərdə bəzi ziddiyyətlər və yanlışlıqlar da. Müəyyən məsələlər var ki, başqasının haqqına girmək olmaz. Kim istəyirsə, seçim edib haradasa oxuya bilər. Bunun faydası barədə dedikləri onun subyektiv fikridir. O da özünə görə haqlı ola bilər ki, daha çox hansı istiqaməti seçsək ölkəmizə xeyir gələ bilər. Şəxsən mən də sağlam ilahiyyat təhsilinin tərəfdarıyam".

Image result for ilahiyyatçı Emil Rahiloğlu

Azərbaycan İslam Partiyasının sədr müavini, ilahiyyatçı Emil Rahiloğlu isə sərt danışdı: “Bütün elmi nailiyyətlər əldə etmək üçün səfər etmək, digər ölkələrə baş vurmağı Ağacan bəydən öncə əzəmətli islam dininin Peyğəmbəri (s) 1400 il öncə söyləyib. Peyğəmbərimiz elm ardınca hətta o zaman üçün gedilməsi ən çətin yol olan Çinə getməyi tövsiyə edib. İctimaiyyətimiz dini maarif baxımından şükürlər olsun ki, deputat kimi savadsız deyil. Yoxsa dinimizin elmə, alimə verdiyi dəyərləri saysaq, Ağacan bəyin bundan sonra yaşayacağı ömür bəlkə də buna yetməz. Onun din barəsində bildikləri dini mənbələrə deyil, şəxsi istəklərinə söykənir. Qalstuk vurmaq, Milli Məclisdə əyləşmək hələ bütün sahələri bilmək demək deyil. Axı ilk ayəsi ”Oxu!" əmri ilə başlayan din necə insanları cəhalətə sürükləyə bilər? Digər tərəfdən islam dininin bəşəriyyətə heç nə vermədiyindən danışır. Məlumdur ki, deputatın tarixi savadı da iddiaları qədər naqisdir. Mən ona İmam Sadiqin (ə) Cabir İbn Həyyan adlı şagirdini tanıması üçün Avropa universitetlərinə baş vurmasını məsləhət bilərdim. Cabir ibn Həyyan kimya elminin banisi olduğu üçün ona “kimyanın atası” ləqəbi verilib. İbn Sinanı, cəbr elminin banisi Əl-Cəbri və sairlərini nümunə göstərmək olar. Sadəcə, qərəzsiz şəkildə baxmaq və oxumaq lazımdır. O ki qaldı, 2 min manat ilahiyyat universitetinə illik ödəniş edənləri ağılsız saymasına, bu, onun mədəni naqisliyindən doğan haldır. Hər kəs öz seçimində azaddır və digərləri buna hörmətlə yanaşmalıdır. Xalqın səsi ilə seçilməyən, xalqın vəkili olmayan “millət vəkilindən” belə şeylərin gözlənilməsi təbiidir. Nardarandan danışır. Hadisəni tam əksinə ifadə edir. Nardaranda nardaranlılar qan tökmədi, əksinə, nardaranlıların qanını tökdülər. Məsələni qansız da həll etmək olardı. Ağacan bəy kimi danışanlar tarixin bütün qaranlıq səhifələrində olub və çox güman ki, bundan sonra da olacaqlar. Bütün bu son olaylar məhərrəmlik ayını, xüsusən də Kərbəla hadisəsini kölgəyə salmaq üçün planlaşdırılıb. Amma nahaq yerə özlərini yorurlar. Tarix belə yorğunların daha hegemonlarını rəzilliklə dəfn edib".

Dini qurumların məsələyə münasibətlərini öyrənmək cəhdimiz alınmadı.






Fikirlər