Eldar Quliyev beynəlxalq təşkilatda sədr MÜAVİNİ SEÇİLDİ
Azərbaycan Respublikası Milli Məclisinin Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) PM-dəki nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev 25-26 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində keçirilən 50-ci Hüquqi və siyasi məsələlər üzrə və 49-cu Mədəniyyət, elm və təhsil komitələrinin iclaslarında iştirak edib. Modern.az xəbər verir ki, deputat hər iki komitə iclasında geniş formatda çıxış edib. O, çıxışında iclas iştirakçılarına Azərbaycan Respublikasında gənc ailələrə dövlət tərəfindən edilən dəstək proqramları ve digər sosial məsələlər barəsində danışıb, həmçinin sosial sektorda keçirilən reformalar haqqında ətraflı məlumat təqdim edib. Qeyd edək ki, Eldar Quliyev səs çoxluğu ilə QDİƏT PM-nin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin sədr müavini seçilib. Seçkilər zamanı Eldar Quliyevin namizədliyi yekdilliklə dəstəklənib. Xüsusi vurğulamaq lazımdır ki, bu qalibiyyət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin beynəlxalq siyasətə ve parlamentlərarası əməkdaşlığa göstərdiyi diqqətin nəticəsidir. Komitə iclaslarından sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT PM-nin baş katibi Asəf Hacıyev, Rostov vilayətinin millət vəkilləri, Azərbaycanın Rostov şəhərində fəaliyyət göstərən diasporunun nümayəndələri Taqanroq şəhərində Azərbaycan dövləti tərəfindən restavrasiya olunmuş 416 diviziyaya həsr edilmiş abidə-park kompleksini ziyaret ediblər. Məlumat üçün qeyd edək ki, Eldar Quliyev 2015-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PM-dəki nümayəndə heyətinin rəhbəridir.