BTQ Avrasiya məkanı üçün yeni YÜKSƏLİŞ LAYİHƏSİDİR!"
"Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) qədim "İpək yolu"nun bərpasıdır".. "AzerTaym.az" "Trend"ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Abid Şərifov Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə deyib: "İki gün əvvəl Bakıda BTQ-nin açılışı oldu. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan BTQ qədim İpək yolunun bərpasıdır. Bu dəmir yolu bir sıra ölkələrin dünya bazarlarına çıxışını asanlaşdıracaq və Avropa ilə Asiya arasında daşımaların həcmini artıracaq". Azərbaycan Türkiyə münasibətlərinə toxunan A.Şərifov qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın böyük potensialı var: "Ökəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsində Türkiyə həmişə Azərbaycan xalqının yanındadır. Hazırda Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq inkişaf etməkdədir. Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dünən Bakıda keçirilmiş 6-cı iclasını xüsusi qeyd etmək istəyirəm. İclas çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdı. Bu isə bir daha onu göstərir ki, Azərbaycan Türkiyə münasibətlərinin böyük potensialı var".