Azərbaycan ƏSGƏRİNİN MEYİTİ qaytarıldı (YENİLƏNDİ)
Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyiti Azərbaycana qaytarılıb. Onun meyiti Naxçıvan istiqamətində, Azərbaycan-Ermənistan sərhədində təhvil verilib. Qeyd edək ki, B. Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb. *** "Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb". Bunu Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, bu il sentyabrın 27-də Ordubad rayonu istiqamətində itkin düşmüş Azərbaycan əsgəri Cəlilbəyli Pərviz Bəhruz oğlunun axtarışı və sonrakı taleyi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara zamanında müraciət olunub: "Noyabrın 23-də qarşı tərəf məlumat verib ki, həmin istiqamətdə azərbaycanlı hərbçinin meyiti tapılıb. Meyiti tapılan şəxsin kimliyinin müəyyən olunması ilə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət olunub. Hazırda meyitin qaytarılması üçün danışıqlar gedir. Yaxın günlərdə proseslə bağlı ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti təşkilatlarla birlikdə iş davam edir". (apa)