Mobil telefon BAZARINDA liderlikdən “VURULAN” markalar

“Samsung” və “iPhone”  telefon bazarında liderə necə çevrildi...

Nə qədər şablon səslənsə də, əslində gerçəkdən də informasiya əsrində özümüzü mobil telefonsuz təsəvvür etmək çətindir. Əgər əvvəllər insanlar bir mobil telefonu 2-3 il işlədirdilərsə, statistika göstərir ki, bu, belə deyil. Belə ki, hazırda insanların bir mobil telefonu adətən 6 ay, 1 il müddətində istifadə etdikləri qeyd olunur.

Elə bazarda əsas yeri tutan, mobil telefon istehsalı ilə məşğul olan şirkətlər də demək olar ki, bu müddət aralığında mobil telefonların yeni, daha müasir versiyalarını istehsal edirlər. Şirkətlərin yer tutmasından söz düşmüşkən, bir zamanlar mobil telefon bazarında əsas aparıcı markalar heç də indiki kimi “iPhone” və ya “Samsung” deyildi.

Bəs bazarın ilk sahibləri olan məşhur dünya brendləri necə kənarda qaldılar?

Öncə qeyd edək ki, telefonlar insanların ilk kommunikasiya üsulu hesab olunur. 18-ci əsrdən sonra Fransada istifadəyə verilmiş teleqraf kabel əlaqələrinin ilk nümunəsidir və 1876-cı ildə «Graham Bell» telefonunu icad edib. Bu, çoxlarına bəllidir. Uzaq keçmişə getmədən, mobil telefonlardan bəhs edək.

Belə ki, 1983-cü ildə “Motorola” ilk mobil telefon olaraq “DynaTAC 8000X” modelini təqdim etdi.  Bu cihaz təxminən 850 qram idi və ekranı da yox idi. Bu ağır qurğunun qiyməti isə 3000 dollardan baha olub.

1989-cu ildə “Motorola” ikinci və daha kiçik olan telefon modelini buraxdı və bu modeli də “MicroTAC 9800X” olaraq təqdim etdi. “MicroTAC 9800X”, yalnız 350 qram ağırlığında idi. Cib telefonlarının inkişafı prosesi isə 1990-cı illərdən başlayır. Bu, eyni zamanda  Avropadan başlayan və bütün dünyanı əhatə edən GSM sisteminin başlanğıcıdır. Beləliklə də uzun müddət liderliyini qoruyan «Nokia» brendi həmin illərdə bazara  daxil oldu. “Nokia” böyük satış rekordları qırıb. Məsələn, 2005-ci ildə “Nokia 1110" modeli 250 milyon ədəd satılıb. 

1997-ci ildə isə Almaniyanın “Siemens” texnologiya şirkəti ilk rəngli ekran “S10" mobil telefonunu istehsal etdi.  2001-ci ildə isə «Ericson» şirkəti bazarı ələ aldı. 2001-ci ildə, istehsal olunan ”Ericson T39" modelində bluetooth sistemi quraşdırıldı. Bu da mobil telefon istehsalında bir ilk idi.  Lakin şirkət bazarda çox qala bilmədi.

Image result for “Siemens”

Nəhayət, 2004-cü ildə 3G texnologiyalı mobil telefonlar istehsal edildi. İlk video zəng 2004-cü ildə bazara çıxarılmış Motorola RAZR modelində hazırlanmışdı. Bu xüsusiyyət istifadəçilər tərəfindən çox da müsbət qarşılanmadı. Lakin 3G  geniş istifadəyə verildikdən sonra videozəngə də insanların marağı artdı. Müxtəlif dövlətlər 3G-yə fərqli zamanlarda keçiblər. Məsələn, Azərbaycan bu mobil məlumat ötürülməsinə yaxın 10 ildə keçib.

Ağıllı adlandırılacaq ən köhnə telefon “Motorola Simon” modelidir. 1994-cü ildə bazarda təqdim edildiyi digər telefonlarla müqayisədə çox yaxşı xüsusiyyətlərə malik olsa da, bu günün smartfonları ilə müqayisə edilə bilməz.

Bir smartfon olaraq, “iPhone” isə tarixə keçən ilk cihaz oldu və digər rəqiblərini sıradan çıxardı. “iPhone 1", 2007-ci ildə Amerikada Steve Jobs tərəfindən təqdim edildi. ”iPhone 1" smartfonu yalnız sensor ekranı ilə deyil, klaviatura, multimedia , simsiz internet xüsusiyyətləri ilə də fərqlənirdi. Bütün bu xüsusiyyətləri ilə telefon və kompüter arasında heç bir fərq yox idi. 2007-ci ildə təqdim edilən bu telefon qısa müddətdə dünyada satışa çıxır və az zaman kəsiyində «Nokia» kimi çox ciddi rəqibini keçir. Beləliklə də «Apple» şirkəti o gündən bəri bazarda hakim mövqedə dayanan mobil telefon istehsalçılarından biridir.

Image result for “Nokia” və “Motorola

Bazarda “Nokia” və “Motorola”nı sıxışdıran digər model isə “Samsung Galaxy S” seriyaları oldu. Onu da qeyd edək ki, bu kimi telefon modelləri bazara girdikdən sonra əslində «Nokia», «Motorola» kimi şirkətlər yenə də satışa davam edirdilər. Lakin fərq android sistemi idi. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi, «Nokia»nın modelləri hətta 100, 200 milyon ədəddən çox satılıb. Bunu “Motorola”ya da şamil etmək olar. Statistikaya görə, Motorola “C 200" modelini 2003-cü ildə 60 milyondan ədəddən çox satıb.

Image result for “Nokia”

Halbuki 2011-2012-ci illərdə “Samsung Galaxy SII” modeli elə cəmi 60 milyon ədədə yaxın satılıb. Yaxud 2011-ci ildə “İphone 4S” modeli 60 milyon ədəddən çox satılıb. Təbii ki, burada qiymət məsələsi də var. “Samsung” və “Apple” şirkəti az məhsul satsa da, modellərin qiyməti baha olduğu üçün qazancları daha yüksək idi. Bir sözlə, android sisteminin və super amoled ekranlarının uğurlu tətbiqi “Samsung” şirkətini də mobil telefon bazarında liderə çevirdi. Bu yeniliklərdən istifadə edə bilməyən digər şirkətlər isə bazardan çıxdılar.

Hazırda “Nokia”, “Motorola”, “LG”, “Lenovo” və digər şirkətlər də məhz android sistemli mobil telefonlar istehsal etməyə başlayıblar. Lakin buna baxmayaraq, insanların bu markalara marağı hələ ki istənilən həddə deyil. Hazırda bazarda tanınmayan şirkətlər güclü kamera, ram, prosessordan istifadə edərək, müştərilərin diqqətini cəlb etməyə çalışırlar. Lakin buna baxmayaraq, qeyd etdiyimiz kimi, hazırda mobil telefon bazarında “Samsung” və “iPhone” liderliklərini qoruyurlar.






Fikirlər