“Üç uşaqla Suriyaya qaçan qadının sənəd saxtadır”- Notarius

“Üç uşaqla Suriyaya qaçan qadının sənəd saxtadır”- Notarius Suriyaya qaçan qadının övladlarını ölkədən çıxarmaq üçün təqdim etdiyi sənədi rəsmiləşdirdiyi deyilən notarius APA TV-yə danışıb.

Təbii ki , bizim Ədliyyə Nazirliyində müvafiq olaraq araşdırmalar gedirdi. Gördülər ki , mənim tərəfimdən rəsmiləşdirilməyən bir sənəddir. Saxta yolla əldə olunub”. Bu sözlər Bakı şəhər 48 saylı notariat kontorunun müdiri Səadət Eldar oğlu Hüseynova məxsusdur. APA TV-yə açıqlama verən notariusun sözlərinə görə, Şəki rayonu, Daşüz kənd sakini Məmmədova Elnurə Beydullah qızına övladlarını ölkədən çıxarmağa icazə verilməsi barədə əqd onlara məxsus deyil. Xəbər yayılandan sonra işgüzar nüfuzuna xələl gətirildiyini deyən Səadət Hüseynov bu ailə ilə heç bir yaxınlıq əlaqəsinin olmadığını, onları görmədiyini və sənədin saxta düzəldildiyini bildirib: “Şikayətçi daxili işlər naziri Ramil Usubova müraciət etdiyi üçün materialı oradan götürüb veriblər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Onlar da gəlib bu məsələni araşdırdılar. Gördülər ki, bizim notariat kontoru tərəfindən əqd rəsmiləşməyib və verilməyib. Əminəm ki, şikayətçiyə də bu barədə rəsmi məlumat verilib”.

Qeyd edək ki, Daşüz kənd sakini Elnurə Məmmədovanın qayınanası 84 yaşlı Humay Məmmədova APA TV-yə verdiyi açıqlamada dekabrın 23-də gəlininin atasının razılığı olmadan üç övladını da götürərək Azərbaycanı tərk etdiyini deyib. Ona bu işdə anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasov köməklik ediblər. 9 nəfərdən ibarət qrupun Suriyaya getdiyi bildirilir. Məmmədovlar ailəsinin bəzi üzvləri gəlin və övladları axtarmaq üçün Türkiyəyə də gediblər. Bu ölkənin güc strukturları da Şəki rayonu Daşüz kəndinin 9 nəfər sakininin Türkiyədən Suriyaya keçə biləcəyi barədə məlumatlandırılıb. Lakin bütün səylərə rəğmən ailənin sonrakı taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. Araşdırma zamanı Məlum olub ki, Elnurə Məmmədova anası və yeznəsinin köməyi ilə Bakıda notarius Hüseynov Səadət Eldar oğlunun əli ilə uşaqların xaricə getməsinə atasının guya razılıq verdiyi barədə sənəd hazırladıb. Uşaqların Gürcüstan ərazisinə bu sənədlə keçdiyi bildirilir: “Təbii ki, o sənədi mənə göstərdilər. Sənəddəki imzanın mənə məxsus olmadığını gördülər. O imza mənim imzamdan tam fərqlənirdi. Həm də biz hər bir əməliyyat apardığımız üçün bizdə Ədliyyə Nazirliyi tərəfindən verilmiş kod və nömrələr kitabı var. Onlar reyestr jurnalına, əqd isə kitabçaya yazılmalıdır. Həmən reyestrdə olan əqd başqa bir adamın əqdidir. Bir də mənim Şəki ilə bağlılığım necə ola bilər? Mən Bakıda fəaliyyət göstərən notariat kontoruyam. İnandırım sizi ki, bu sənədin necə hazırlanması mənim üçün də bir sirdir”.

Notarius Səadət Hüseynovun sözlərinə görə, hazırda araşdırmalar davam edir. Sənəd orijinal sənəddən demək olar fərqlənmir. Diqqətlə baxan zaman yalnız imzada cüzi kölgələri görmək mümkündür.

Xatırladaq ki, saxta sənəd əldə edərək övladlarını götürüb Suriyaya gedən Elnurə Məmmədovanın qardaşları Sahib, Tahir və Rövşən Şabanovlar uzun müddətdir bu ölkədədir və burada gedən döyüşlərdə aktiv iştirak edirlər. Onlardan başqa daha iki Daşüz kənd sakininin Suriyada döyüşlərdə iştirak etdiyi bildirilir.






Fikirlər