Ötən il 461 ƏLİL İŞLƏ təmin edilib
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. ƏƏSMN-dən verilən məlumata görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2017-ci ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib. Onlardan bir hissəsinin Nazirlər Kabinetinin «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası» əsasında müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib. Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb ki, onlardan 60 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Digər 350 nəfərin isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı həyata keçirilib. Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına qəbul olunmuş gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar. Həmçinin Mərkəz tərəfindən onlar cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına yönələn müxtəlif reabilitasiya tədbirlərinə cəlb ediliblər. Burada kursları başa çatdıranlara peşə sertifikatları verilib, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb. Xatırladaq ki, 2017-ci ildə ƏƏSMN tərəfindən 47,9 min nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, Dövlət Məşğulluq Xidməti (3560 nəfər) və Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi (350) tərəfindən 3910 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. AzerTaym.az