Səlim Müslümov Qəbələdə 6 rayonun sakinləri ilə GÖRÜŞÜB
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müraciətlər imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına, peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi və s. məsələlərə aid olub. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə vətəndaşların müraciətləri araşdırılaraq cavablandırılıb. Vətəndaşlarla görüşündə S.Müslümov Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı çərçivəsində ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5550 nəfər əlil və şəhid ailəsinin mənzillə təmin edildiklərini diqqətə çatdırıb: “Azərbaycan prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq, hazırda ölkəmizin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində ardıcıl işlər aparılır. Bu işlər çərçivəsində son iki ildə və cari ilin ötən dövründə 600 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər təqdim olunub. O cümlədən həmin dövrdə Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonları üzrə 35-dək fərdi ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda da bu rayonlar üzrə qeyd olunan insanlar üçün fərdi evlərin tikintisi işləri davam etdirilir”. Məşğulluğun təminatı ilə əlaqədar müraciət edən vətəndaşlara yaşadıqları ərazi üzrə vakant iş yerləri təklif edilib, onlara seçdikləri və əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər təqdim olunub. Bir sıra şəxslər istəklərinə uyğun olaraq peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Nazir bildirib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları) da yerli resurslardan səmərəli istifadə əsasında iqtisadi inkişafa şərait yaradıb. Dövlətin dəstəyi ilə bölgədə xüsusən turizm infrastrukturunun və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin genişlənməsi yeni iş yerlərinin yaranması və məşğulluq imkanlarının artırılmasında əhəmiyyətli addımların atılmasına səbəb olub. Bununla bərabər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən də bölgədə əhalinin məşğulluğunun təminatı tədbirləri getdikcə gücləndirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin 5 ayında məşğulluq orqanlarının xətti ilə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları üzrə 2056 nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin edilib”. S.Müslümov dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili işlərinin də davam etdirildiyini bildirib: “Özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 660 nəfərdən çox şəxsin biznes-planlarına uyğun şəkildə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Hər gün bu proses davam edir və aktivlərlə təmin edilənlərin sayı da hər gün artır. Hazırda sakinlərini qəbul etdiyimiz bu 6 rayon üzrə də biznes-planları uğurlu hesab edilən 90 nəfərdən artıq 62 nəfərə aktivlər alınıb verilib və yaxın günlərdə digərlərinə də veriləcək. Müsbət haldır ki, aktivlərlə təmin olunmuş şəxslər biznes-planlarında nəzərdə tutulan qaydada ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını və bununla da özünüməşğulluq fəaliyyətlərini gözlənilən səviyyədə qurublar”. Ayrı-ayrı vətəndaşların müraciətlərinə əsasən onların bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmələri üçün müvafiq tapşırıqlarını verən S.Müslümov hazırda nazirliyin bu bölgədə də Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib: “Mərkəz bölgədə yerləşən rayonlardakı əlilliyi olan insanların kompleks tibbi-sosial reabilitasiyasını həyata keçirir. Bu sahədə işlərin davamı kimi, keçən il və cari ilin ötən dövründə həmin Mərkəzdə 460 nəfərdən çox müvafiq şəxsə stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib”. Qəbula gələn vətəndaşlar əhalinin məşğulluq imkanlarının artırılması, bölgələrdə sosial infrastrukturun yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali təbəqələrinə dövlət qayğısının artırılması yönündə həyata keçirilən tədbirlərə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.AzerTaym.az