DYP reyd keçirib, 200-dən artıq qadın SÜRÜCÜ saxlanılıb - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının aşağı salınması, təbliğat və maarifləndirmə işinin gücləndirlməsi məqsədi ilə reyd keçiriblər.

“Report” xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən reyd zamanı 200-dən artıq qadın sürücü saxlanılıb. 

İdarə etdiyi avtomobil üzrə qadın sürücülər barədə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, Yol Patrul Xidməti (YPX) əməkdaşları tətəfindən saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilib və onlar DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində il ərzində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edib: “Hər bir nümunəvi xanım sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pusluz yumaq, restoranda 2 nəfərlik pulsuz şam yeməyi, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”.

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq keçirilən aksiyada “SOCAR Petroleum” QSC də iştirak edib. Aksiya çərçivəsində “SOCAR Petroleum” tərəfindən xanım sürücülərə hədiyyələr təqdim edilib. Bakı şəhərinin müxtəlif küçə və prospektlərində saxlanılan qadın sürücülərə “SOCAR Petroleum” tərəfindən 20 manatlıq yanacaq kuponu təqdim edilərək “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumatlar verilib. Həmçinin xanımlara "avtosfer.az" tərəfindən gül buketləri hədiyyə edilib.

Reyd Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM”, “107.7 FM” radioları ilə birgə keçirilib və radioda canlı yayımlanıb.






Fikirlər