“MİLLİÖn” APARATları insanların CİBİNƏ GİRİR – İDDİA
Hüquqşünas: “İnsanlar istənilən xidmət göstərən şirkət barəsində məhkəmədə iddia qaldıra bilərlər” Son zamanlar Bakıda iri ticarət mərkəzlərində, metro stansiyalarında quraşdırılan “MilliÖn” aparatları ilə bağlı şikayətlər səngimir. Məsələ ilə bağlı “Yeni Müsavat”a da şikayət edən vətəndaşlar bildirirlər ki, bu aparatlar artıq öz istismar müddətini başa vurub. Vətəndaşlar daha çox şikayət edərək söyləyirlər ki, aparatlar daxil edilən pulları götürmür. Eyni zamanda başqa bir şikayətdə qeyd olunur ki, aparatlar pulu götürsə də əməliyyatı icra etmir. Əvvəla, məlumat üçün qeyd edək ki, Komtec Ltd şirkəti (MilliÖN ticarət nişanı) Azərbaycanda elektron ödəniş sistemləri bazarında 2008-ci ildən fəaliyyət göstərir. Şirkət mobil operatorlar, internet provayderlər, kabel televiziyası, şəhər telefonları, mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması), bank və sığorta xidmətləri kimi ödəmə proseslərini həyata keçirir. Əldə etdiyimiz məlumatlara görə, şirkətin sahibi Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovdur. E. Əsədov bu vəzifəyə 2016-cı ildə gətirilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, son zamanlar Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aparılan ixtisarların nəticəsi nazirliklə bağlı olan bir çox sahələrdə axsamalara səbəb olub. Məlumata görə, nazirlikdən son aylarda illərin təcrübəsinə malik peşəkar rabitəçilər çıxarılaraq, onların yerinə sahəyə aidiyyəti olmayan şəxslər gətirilir. Bu isə ümumilikdə ölkədə rabitə sahəsinin axsaması ilə nəticələnir. İnternetlə, ödəmə aparatları ilə bağlı yaranan problemləri də ekspertlər bununla əlaqələndirirlər. Edilən şikayətləri nəzərə alıb, biz də “Yeni Müsavat”ın əməkdaşı olaraq paytaxt ərazisində quraşdırılan “MilliÖn” ödəmə aparatlarının vəziyyəti ilə tanış olduq. Elə ilk olaraq yaxınlaşdığımız iri ticarət mərkəzlərinin birində quraşdırılan aparatın qarşısında problemlə üzləşən vətəndaşa rast gəldik. Kərim adlı vətəndaş bildirdi ki, nömrəsinə kontur yükləmək istəyir, lakin aparat əməliyyatda səhv olduğunu bildirir: “Bu kimi hadisələr tez-tez başıma gəlir. Ya pulu götürmür, ya da yazır ki, əməliyyat yerinə yetirilmədi”. Müşahidə etdik ki, aparata Kərimdən sonra bir qadın da yaxınlaşıb, kontur yükləməyə cəhd göstərdi. O da eyni problemlə üzləşib, yükləmə əməliyyatını həyata keçirə bilmədi. Bu aparatların quraşdırıldığı mağazalarda işləyən mühafizəçilərlə də söhbət etdik. Onlar da bildirdilər ki, müştərilər tez-tez onlara şikayətlənirlər: “Bəziləri elə bilir ki, aparatlar mağazanın malıdır. Ona görə də problem olan zaman bizə şikayət edirlər. Ən çox ”MilliÖn" aparatlarında problem çıxır". Şikayətçilər arasında “BakıKart”a aparat vasitəsilə pul yükləməkdə çətinlik çəkənlər də var. Qeyd edək ki, xüsusi “MilliÖn” aparatları vasitəsilə metro və bəzi avtobuslarda işlək olan “BakıKart”lara da pul yükləmək mümkündür. Məsələ ilə bağlı qaynarinfo.az saytına şikayətində paytaxt sakini Asif Dəmirov bildirib ki, terminal vasitəsilə “BakıKart”a pul yüklədikdə çox zaman yüklənmə prosesi getmir və sonradan ödənişin bərpasını gerçəkləşdirmək də olmur: “Artıq neçənci dəfədir ki, ”MilliÖn"ün fırıldaqçılığı ilə üzləşirəm. “BakıKart”ı aparata qoyub pul yüklədikdən sonra çek verilir, amma marşruta minərkən məlum olur ki, pul balansa köçməyib. Dünən mən də daxil olmaqla, Elmlər Akademiyası metro stansiyasının qarşısındakı dayanacaqda quraşdırılan “MilliÖn” ödəmə terminalı vətəndaşların 10-12 manata yaxın pulunu mənimsədi. Çoxları balansın bərpası əməliyyatını bilmir və sonradan 1 manata görə şirkətə də müraciət etmir. Gecikirdim deyə stansiyanın içərisində yenidən 5 manat yüklədim. Qayıdanda aparatın işlədiyini görüb balansı bərpa etməyə çalışdım, amma bərpa prosesinin baş tutduğu qeyd olunsa da, itən məbləğ geri qayıtmadı. Yəni qəbzdə 5,05 AZN deyil, 6,05 AZN olmalı idi. Şirkətə müraciət edəndə deyirlər ki, şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşın, probleminizi həll edək. Mənim şirkətə gedib qayıtmağım elə 1 manatdan baha başa gələcək. Bu, problemin həllidirmi?" -, deyə vətəndaş bildirib.
“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, vətəndaşlar üzləşdiyi problemlə bağlı məhkəməyə müraciət edə bilərlər. Lakin bunun üçün əllərində sübut olmalıdır: “İnsanlar istənilən xidmət göstərən şirkət barəsində məhkəmədə iddia qaldıra bilərlər. Lakin sübut etmək lazımdır. Əldə bunu hansısa formada təsdiq edən sübutlar olmalıdır. Yaxud da prosesin şahidi deməlidir ki, həqiqətən də aparat şəxsin, məsələn, 10 manatını yeyib. Bu kimi hallarda sübut məsələsində bir qədər çətinlik yaşanır. İnsanlar prosesi videoya da çəkib, məhkəməyə təqdim edə bilərlər”.