HANSI AĞACLAR insanda ALLERGİYA yaradır?
Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Yaz fəslində bir çox mövsümi xəstəliklər - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır. “AzerTaym.az” xəbər verir ki, Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov Azərtac-a açıqlamasında bildirib ki, bəzi ağaclar var ki, onların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır: “Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur". Onun dediyinə əsasən allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir. Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır.Baş allerqoloqun verdiyi məlumata görə, yaz allergiyası mütəmadi təkrar olunanda müayinələr aparılır və xəstəliyin dərəcəsinə görə müalicələr təyin olunur. Mövsümqabağı allergenləri xüsusi durulaşdırmaq yolu ilə dərman hazırlanır və payızın axırlarından başlayaraq peyvəndi xatırladan iynələr vurulur və bunun nəticəsində bir müddət sonra xəstə orqanizmində qoruyucu anticisimlər əmələ gəlir.