Dizel və "Aİ-92″ markalı benzin bahalaşacaq - BU TARİXDƏN...
"Benzinin son bahalaşmasından yazmadım, çünki mənim əvvəldən super, premium, VİP, biznes klass, star, royal, king, imperial kimi təmtəraqlı adlarla başlayan məhsul və xidmətlərdən xoşum gəlmir. Həmişə sadəsinə üstünlük verirəm, maşınım olanda da ən ucuz Aİ-92 markalı benzindən istifadə edirdim. Odur ki, "Premium Euro-95", "Super Euro-98″ markalı benzinin qiymət bahalaşmasını nə şəxsi, və nə də ictimai mənada əhəmiyyətli hesab etmirəm. Özləri bilərlər, satan da onlardır, alan da". "AzerTaym.az" unikal.org-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, bu bahalaşma növbəti qiymət artımları üçün keçid rolunu oynayacaq: "Belə ki, bir müddət sonra "Aİ-92" markalı benzin və dizel yanacağı da bahalaşdırılacaq. Gözləntilərə görə, bu, payıza təsadüf edəcək. Fikrimcə, bunun üçün ən azı 4 səbəb əsas kimi gətirilə bilər: 1. Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılması. Beləliklə də Azərbaycanda avtomobillərin istehlak etdiyi bütün növ yanacaq idxal məhsulu sayılacaq və bahalaşma dünya bazarı ilə əlaqələndiriləcək.
2. Avtomobil yanacağının müxtəlif növləri arasında qiymət fərqinin böyüməsi. Hazırda dizel yanacağı ilə 98 markalı benzinin qiyməti arasında fərq 3 dəfədir. Eyni zamanda son dövrdə dizel yanacağının istehlakı da artıb.
3. Avtomobillərin idxalının artımı. Bu ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub, idxal 4468-dən 11700 qalxıb.
4. Postsovet regiondan olan qonşu dövlətlərdəki qiymətlərlə müqayisə. Belə müqayisələr qüsurludur. Əslində daha düzgün müqayisə orta aylıq əmək haqqının benzinlə olan alıcılıq qabiliyyətidir. Bu müqayisəyə görə, orta aylıq əmək haqqına Almaniyada 3000 litr, İranda 1840 litr, Rusiyada 1003 litr, Qazaxıstanda 920 litr, Belarusda 679 lirt, Gürcüstanda 495 litr, Türkiyədə 485 litr, Azərbaycanda isə 350 litr keyfiyyətli benzin almaq olar".