İlham Əliyev: `Hamının evi təmir ediləcək`
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.
O bildirib ki, yanğına məruz qalmış bina tezliklə dövlət hesabına təmir edilməlidir: “İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Bütün bunları dövlət öz üzərinə götürür. Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısının təzahürüdür. Bina tezliklə təmir olunmalı, insanlar o binaya qayıtmalıdırlar. Əlbəttə, binanın yanğından sonra dayanıqlılığı təsbit edilməlidir və bütün bu işlər maksimum qısa müddət ərzində görülməlidir”.
Prezident İlham Əliyev bir daha xatırladıb ki, bu, birinci hal deyil: “Əslində Xətaidə birinci yanğın baş verəndən sonra bu tədbirlər görülməli idi, mən müvafiq göstərişlər vermişdim. Çünki Xətai rayonundakı bina da çox qısa müddət ərzində alovlanıb yanmışdı. Bu dəfə də oxşar hadisə baş verdi. Baxmayaraq ki, xilasedicilər, yanğınsöndürmə maşınları, təcili tibbi xidmət dərhal hadisə yerinə gəlib, ancaq görüntülər də var, bina qısa müddət ərzində yanıb. Hər kəs nəticə çıxarmalı, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
İ.Əliyev deyib ki, Nazirlər Kabineti tezliklə Bakının Binəqədi rayonundan yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı həlak olanların ailələrinə veriləcək maddi yardımın həcmini müəyyən etməlidir: “Bu məsələdə yubanma olmamalıdır. O vaxta qədər Bakı Şəhər İcra Hakimiyyəti bütün işləri öz üzərinə götürür”.
Ölkə başçısının bu göstərişindən sonra komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib ki, komissiya tərəfindən ailənin tərkibindən və mənzilin sahəsindən asılı olaraq ailə başına 30-35 min manat həcmində maddi yardımın ayrılması təklif olunur.
Təklifə cavab olaraq prezident qeyd edib ki, ilk növbədə maddi yardım ayrılmalı, bu, mənzilin sahəsinə görə olmamalıdır. Bununla yanaşı, ölkə başçısı qeyd edib ki, mənzillərin təmiri dövlət hesabına aparılmalıdır. Bundan başqa, prezident göstəriş verib ki, hadisə zamanı xəsarət alanlara da maddi yardım ayrılmalı, bu yardımın həcmi tez bir zamanda müəyyən olunmalıdır.
Dövlət başçısı əlavə edib ki, ziyan dəyən bütün əşyaların yeniləri ilə əvəz olunması da dövlət vəsaitləri hesabına aparılmalıdır.
Prezident qeyd edib ki, yanğın zamanı sakinlərin sənədləri məhv olub ki, bunların da bərpasında dövlət qurumları sakinlərə öz yardımını göstərməlidir: “Sənədlərin bərpası ilə Daxili İşlər Nazirliyi və ASAN xidmət məşğul olmalıdır və vətəndaşlara bütün yardımı göstərməlidir”.
Prezident İlham Əliyev qeyd edib ki, sakinlərə müvafiq maddi yardımın ayrılması ilə bağlı komissiya tərəfindən təkliflər qəbul edildikdən sonra dövlət başçısı tərəfindən müvafiq sərəncam imzalanacaq.