Eldar İbrahimovla Yaqub Məmmədov BARIŞDI

1992-ci ildə Azərbaycan parlamentinin (ovaxtkı Ali Sovet) sədri olmuş, Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, tibb elmləri doktoru, professor Yaqub Məmmədov Modern.az-a müsahibəsi zamanı bəzi məqamlara toxunub.

1990-cı illərdə Milli Məclisdə təmsil olunmuş şəxslərlə bağlı danışan Yaqub Məmmədov “Bəs Eldar İbrahimovu necə xatırlayırsınız” sualına  bu cür cavab verib:
- Çox yaxşı. Eldar müəllim, sizin əyləşdiyiniz yerdə o qədər oturub ki! Çünki çox yaxşı münasibətlərimiz olub. Amma son vaxtlarda nədənsə mənə salam vermir. Məni görəndə üzünü çevirib gedir. Səbəbini də bilmirəm. 

Modern.az saytının əməkdaşı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimovla əlaqə saxlayaraq, Yaqub Məmmədovun dediklərinə münasibət öyrənməyə çalışıb. 

Eldar İbrahimov  saytımıza  açıqlamasında haqqında səslənən iddialara cavab belə verib:

“Yaqub müəllimlə münasibətlərimiz həmişə yaxşı olub. Çünki mən elə adam deyiləm ki, kiminləsə pis münasibətdə olum. Sadəcə, ola bilsin ki, ya görmüşəm fikirli olmuşam, ya da üz-üzə gələndə diqqətsizlik etmişəm. Bəzən hansısa məclisdə adam çox olanda baş qarışır və kimlərisə görmürsən. Amma onu da deyim  ki, mənim Yaqub müəllimə həmişə hörmətim olub. İndi də o hörmət qalır. Yaqub müəllim Milli Məclisin sədri işlədiyi zamanlarda onunla çox yaxşı münasibətdə olmuşuq. Heydər Əliyevlə əlaqədar çoxlu söhbətlərimiz olub. Bir-birimizə qarşı pis olmamışıq. 1990-cı ildə 350 deputat idik. Hamı ilə necə münasibətim olubsa, Yaqub müəllimlə də o cür olub. Elə insanam ki, hamının qayğısına qalmağı bacarıram. Nadir insanlardanam ki, düşmənim yoxdur”. 

Eldar İbrahimov 1991-ci ildə müstəqillik əleyhinə səs verənlər arasında adının hallandırılmasına da aydınlıq gətirib:

“İllərdir ki, mənim adımı müstəqilliyin əleyhinə səs verənlərdən biri kimi qələmə verirlər. Halbuki, SSRİ-nin saxlanması ilə əlaqədar 17 mart 1991-ci ildə Azərbaycanda referendum təyin etmişdilər. Həmin vaxt mən Naxçıvanda çalışırdım. Bu referendum Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvanda keçirilmədi. Mən həmin referendumda nə iştirak etmişəm, nə də səs vermişəm. Naxçıvanda keçirilməyən referendumda necə  SSRİ-nin saxlanmasına səs verə bilərdim?! Hətta  Heydər Əliyev 1990-cı ilin 17 noyabrında Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırarkən bizə göstərmişdi ki, yolumuz müstəqillikdir.  

Mən niyə görə SSRİ-nin saxlanmasına səs verməli idim?! Heydər Əliyevdən dərs alan silahdaşı kimi bilirdim ki, SSRİ-nin sonu yoxdur. Elə bundan da 5-6 keçmədi, SSRİ dağıldı. 1991-ci ilin 18 oktyabrında isə  müstəqilliyə hamı səs verib. Hətta, sevincimdən gözlərim də yaşarmışdı ki, “Nəhayət, biz müstəqil dövlət olduq”. 


 






Fikirlər