MƏTBUAT ŞURASI jurnalist adı ilə vətəndaşların şantaj edilməsini PİSLƏDİ...
Azərbaycan Mətbuat Şurası Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradaraq həmin internet qəzetlərin jurnalistləri adı ilə ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və almasını, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasını pisləyən bəyanat yayıb. "AzerTaym.az" Modern.az-a istinadla həmin bəyanatı təqdim edir: 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılan Azərbaycan Mətbuat Şurası media məkanımızın saflaşması, jurnalistikamızın siyasi maraqlardan, qrup mənafelərindən xilas olması üçün mübarizə aparıb, barışmaz mövqeyi ilə seçilib. Ötən müddətdə Şuranın cəmiyyətdə etibarlı ictimai institut kimi özünü təsdiqləməsi də məhz bu məramın gerçəkləşməsinə olan məsuliyyətli yanaşmadan irəli gəlib. Mətbuat Şurasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə yönələn missiyası heç də birmənalı qarşılanmayıb. Fəaliyyətinin ilk illərində bir-birinə zidd siyasi qütblər tərəfindən qınaq obyektinə çevrilmiş Şura sonrakı zaman kəsiyində mətbuatdan sui-istifadə, şantaj və böhtan əməllərini gerçəkləşdirmək niyyətində olan şəxslərin tənələri, təhdidləri ilə üzləşib. Qurumun İdarə Heyətinin üzvləri təhqirlərə, nalayiq ifadələrə məruz qalıblar. Mətbuat Şurasına qarşı məhkəmə iddiaları da olub. Nə özlərinin media ilə bağlı yarımçıq təsəvvürlərini həqiqət hesab edib cəbhə açanlar, nə də kimlərəsə sığınıb guya komanda oyunu oynadıqlarını düşünənlər uğur qazanıblar. Ölkə ictimaiyyəti onların düşdükləri durumun acınacaqlı sonluğunun görüb. Bu aqibət söz və ifadə azadlığının ruhuna, mahiyyətinə xəyanətin məntiqi nəticəsidir. Təəssüf ki, media orqanı adı ilə fəaliyyət göstərərək ölkəmizdə yaradılmış söz azadlığına, plüralizmə zor tətbiqi yolundan dönməyənlər qalmaqdadırlar. Onlar jurnalistika ilə bağlı bəsit təsəvvürlərini dəyər kimi ictimailəşdirməyə cəhd göstərirlər. Mətbuat Şurasının istədiyi “Realliq.info” və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı “damokl qılıncı” obrazını heçə endirmək, bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır. Mətbuat cəmiyyətdəki naqislikləri, ayrı-ayrı məmurların özbaşınalıqlarını, onların ictimai maraq və mənafeləri heçə saymasını arqumentli şəkildə göstərməli, ifşa etməlidir. Müstəqillik illərində bununla bağlı kifayət qədər nümunələr var. Bu nümunələrin nəticəsidir ki, mediamız ictimai qınaq institutu olaraq qəbul edilir, onun funksiya və vəzifələrinə dəyər verilir. Ancaq İkram Rafiq oğlu Rəhimov kimi “reallıq axtarıcıları” nə istedad, nə şəxsi keyfiyyətlər baxımından bu nümunələrdə nəinki yer alıblar, heç həmin nümunələrin kənarına yaxın düşəcək səviyyəyə belə qalxmayıblar. Bu gün Mətbuat Şurası ikramları, informasiya reallığını gözlərində gilyotin kimi görən rafiqoğluları və onun düşüncə kasadlığını bölüşənləri öz ofisinə dəvət edib, onlarla söhbətlər aparırsa, nəyi və nələrisə izah etməyə çalışırsa, tutduqları yolun yanlışlığını anladırsa, bu, Şuranın öz prinsiplərinə verdiyi dəyərdir. Qurumun yanaşmasından nəticə çıxaranlar və çıxarmayanlar var. Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinin yaratdıqları, tərkibini seçdikləri medianın özünütənzimləmə orqanıdır. Qurumun İdarə Heyətinin hər bir üzvünə aşağılayıcı münasibət, böhtan və təhqir onları bu mövqeyə layiq görmüş media ictimaiyyətinə ünvanlanmış davranışdır.