Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir

Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbirDövlət Dəniz Administrasiyasında cari ilin 21 iyul tarixində Azərbaycan ədəbi dilinin qorunması və düzgün tətbiq olunması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

"AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki.tədbirdə açılış nitqi ilə Administrasiyanın rəis müavini Şahlar Məmmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan ədəbi dilinin qorunması, inkişafı və düzgün tətbiq olunması dövlətimizin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə xeyli işlər görülüb və görülməkdə davam edir. Son dövrlərdə bu sahədə atılan ən mühim addımlardan biri də möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamıdır. Sərəncamla dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, dövlət orqanlarında Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur. Şahlar Məmmədov Azərbaycan dilinin zəngin bir dil olduğunu, dilimizin dünya dilləri arasında axıcılığı və söz ehtiyatı baxımından özünəməxsus yeri olduğunu vurğulayaraq yeni dövrdə Azərbaycan dilinin inkişaf etdirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətlərinin olduğunu qeyd etmişdir. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanları da məhz ümummilli lider Heydər Əliyevin dilimizin inkişafı ilə bağlı tarixi xidmətləridir.

Tədbir zamanı Administrasiyaya dəvət olunmuş mütəxəssislər də qeyd olunan mövzu ilə əlaqədar öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər. İlk növbədə Azərbaycan dilinin tarixi haqqında qısa məlumat verilərək qeyd olundu ki, Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir və hazırda ünsiyyət vasitəsi kimi istifadə etdiyimiz dilin 1300 illik bir tarixi vardır.

Eyni zamanda, tədbirdə sənədlərin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanması və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılması barədə Administrasiyanın əməkdaşlarına müvafiq təlimatlar verilmiş, ədəbi dilin forma və mərhələləri, Azərbaycan ədəbi dilinin norma və üslubları, düzgün cümlə quruluşu, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub, köməkçi nitq hissələri və durğu işarələrinin cümlədə düzgün istifadə olunması qaydaları barədə çıxışlar dinlənilmişdir. Sonda Administrasiyanın işçilərini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.






Fikirlər