10.09.2014- ADU-da növbəti dərs ilindən macar dili tədris olunacaq
"AzerTaym.az" Modern.az-a istinadən xəbər verir ki,Elmi Şurada ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Azərbaycanla Macarıstan arasında olan münasibətlərin əməkdaşlıq və qardaşlıq səviyyəsində olduğunu bildirdi. Rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verən rektor Səməd Seyidov burada bir çox xarici dillərin tədrisi, o cümlədən bu ildən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin nəzdində macar dilinin tədrisinə başlanılması barədə də danışdı.
ADU-da macar dilinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi nəzdində tədrisinə başlanılmasından sonra Pedaqoji fakültədə, həmçinin Filologiya və Jurnalistika fakültəsində də tədrisinin nəzərdə tutulduğunu vurğuladı. Macar dilinin universitetdə tədris olunmasının tələbələrdə bu dilə maraq oyatmaq, onlara macar dili və mədəniyyətinin incəliklərini təbliğ etmək məqsədi daşıdığını diqqətə çatdırdı. Səməd Seyidov Macarıstanla gələcək əməkdaşlıqlarda qarşılıqlı mübadilə proqramlarının da inkişafı üçün səy göstəriləcəyini vurğuladı.
Öz növbəsində Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Jolt Çutora ADU-da olmağından məmnunluğunu bildirdi. Azərbaycan Dillər Universitetinin fəxri doktoru adına layiq görülməyin sevindirici hal olduğunu bildirən səfir bu fəxri ada görə ADU Elmi Şurasına təşəkkürlərini bildirdi. Azərbaycan və təmsil etdiyi ölkə arasındakı işgüzar və qardaşlıq əlaqələrinin inkişafından söz açan J. Çutora iki ölkənin təhsil sahəsində əməkdaşlığının vacibliyini dilə gətirdi. ADU-da macar dilinin tədrisinin Azərbaycan-Macarıstan əlaqələrinə töhfə kimi yüksək qiymətləndirən Jolt Çutora universitetdə aparılan işlərin təqdirəlayiq olduğunu bildirdi.
Sonra rektor Səməd Seyidov Fəxri doktor diplomunu və mantiyanı səfirə təqdim etdi. Bununla da ADU-nun fəxri doktorlarının sayı 6-ya çatdı.
Qeyd edək ki, İsrailin Prezidenti Şimon Peres, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, britaniyalı yazıçı Vidiadhar Surajprasad Naipaul, Avropa Şurası Parlament Assambleyası prezidenti, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Avropa İttifaqı Prezidenti Herman Van Rompuy, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov ADU-nun fəxri doktroları adına layiq görülüblər.
Qeyd edək ki, Jolt Çutora 2014-cü il mayın 10-da Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl Çinar” Beynəlxalq mükafatına layiq görülüb. O, “Azərbaycan və Macarıstan mətbəxi” yemək kitabının müəllifidir.