Azərbaycanda PENSİYALAR ARTDI - 233 min nəfər SEVİNƏCƏK...
"Azərbaycanda əmək pensiyalarının minumum məbləği 116 manatdan 160 manata çatacaq". “AzerTaym.az" bildirir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, bununla bağlı prezidentin təşəbbüsü ilə qanun layihəsi Milli Məclisə daxil olub: “Ötən gün parlamentin müvafiq komitəsinə qanun layihəsinə dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə olundu. Fevralın 19-da məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Burada 40 faiz artım olacaq. Artıq indekasasiya ilə bağlı hazırlıq işləri yekunlaşdırılıb. Beləliklə, 233 min pensiyaçının aylıq pensiyası artacaq. Eyni zamanda, 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq”. Nazir qeyd edib ki, əmək pensiyalarında 5-80 manat arasında artımlar olacaq: “ Yəni 80 manat əlilliyə görə pensiya alan şəxslərin pensiyası 160 manat olacaq. Bu 233 min pensiyaçının 140 mini əlilliyi olan şəxslərdir. Onlar ən çox qayğıya ehtiyacı olan şəxslərdir. 26 min pensiyaçının pensiyası 52-53 manat arasında artacaq. 74 min insanda isə artım 20-22 manat arasında olacaq. Bundan əlavə, 3 faizlik indeksasiya artımı da olacaq”. Nazir əlavə edib ki, orta aylıq əmək pensiyası 222 manatdan 228, yaşa görə orta aylıq pensiya isə 240 manatdan 250 manata çatacaq.