Jurnalist Seymur Əlioğlu: “Mənə görə uşaqlarıma “kafir” balası deyiləcəyi tam gözləniləndir”
Ölkəmizdə radikal siyasətçilərdən və ictimai fəallardan qohumlarının imtina etməsi barədə xəbərlərə dəfələrlə rast gəlmişik. Ancaq dini dünyagörüşünə, dinə qarşı münasibətinə görə qohumları tərəfindən yad edilməyən biri barədə ilk dəfə eşitdik. Söhbət “525-ci qəzet”, “Həftə içi”, “Bizim yol” kimi qəzetlərdə işləmiş və hazırda müstəqil blogger fəaliyyəti ilə məşğul olan jurnalist Seymur Əlioğludan gedir. Belə ki, ictimai mühitdə dolaşan xəbərlərə görə Seymur Əlioğlu (Quliyev) ateist olduğu üçün yaxınlarının qınağına səbəb olub. Məsələni dəqiqləşdirmək üçün jurnalistlə əlaqə saxladıq. - Seymur bəy, ateist dünyagörüşünə sahib olduğunuzu deyirlər... - Bəli, doğrudur. Ancaq ilk əvvəl onu deyim ki, tələbəlik illərində bütün dini qaydalara əməl edən namazlı bir insan olmuşam. Sonradan oxuduğum kitabların sayəsində dinə qarşı münasibətim dəyişdi və nəticədə ateist oldum. - Ateist olduğunuz üçün qohumlarınız sizinlə əlaqəni kəsibmi? - Valideynlərim maksimum dərəcədə çalışırlar ki, islam qaydalarına əməl etsinlər. Qardaşım uzun illərdir namaz qılır. Digər qohum-əqraba həmçinin islam adətlərinə uyan, beyinlərində Allah qorxusu olan insanlardır. Və belə şəraitdə təbii ki, mənim “Allah yoxdur” deməyim onları vahiməyə salır. Bunu qəbul edə bilmirlər. Ona görə də münasibətlərimiz soyuqdur. Buna baxmayaraq, bəzən qohumlarım mənə yolumdan dönmək üçün təsirlər etməyə çalışırlar. - Bəs, cəmiyyətdə, ətrafınızda sizi tanıyanların münasibəti necədi? - Yəqin ki, ziyalı bir insan kimi siz də təsdiqləyərsiz ki, Azərbaycan cəmiyyəti fərqili düşüncəyə malik insanları qəbul etmək istəmir. Adicə cinsi oriyentasiyası ənənəvi olmayan, yəni sonradan öz şəxsi istəyi ilə dəyişənlərə cəmiyyət düşmən kimi baxır. Belə adamlarla əlaqə saxlamaq, hətta salam verməyi belə özlərinə böyük ayıb bilirlər. Hər fürsətdə onlara fiziki təsir göstərirlər. Eyni yaşamla ateistlər üzləşir. Ümumiyyətlə, fərqli düşüncə sahiblərinə cəmiyyət o qədər basqı edir ki, adam ya təziqlərdən bezib intihar edir, ya da kütlənin avara, dardüşüncəli bir fərdi tərəfindən “düşmən” kimi öldürülür. Məsələn, Rafiq Tağı örnəyi göz qabağındadır. Din haqqında yazdığına görə öldürüldü. Kütlə hər an sənin şəxsi həyatına burnunu soxur və təhlükələr yaradır. Ölkəmizdə maarifləndirmə işi bir əsrdən çoxdur ki, davam edir. Amma cəmiyyət üçün heç bir faydası yoxdur. Ənənələrlə, yazılmamış axmaq qaydalarla illərdir yaşayan insanlar sənin “Tanrı yoxdur” düşüncəni qəbul etmir. Cəmiyyətin fikirinə görə sən onlarla eyni düşünmürsənsə, onda sən kafirsən. Sənə qarşı hər cür hörmətsizliyi etmək olar. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xaricdən ölkəmizə çoxlu dindarlar gəldi, hansıkı onlar müxtəlif dini təriqətləri, məzhəbləri yaymağa başladılar. Nəticədə bu gün dindarların sayı hədsiz çoxalıb və çoxalmaqda davam edir. Küçədə, işdə, yaşadığın məhlədə, binada bu tip insanlara rast gəlirsən. Onlar biləndə ki, sən heç bir dini, Allahı və onun göndərdiyi kitablara inanmırsan, qəbul etmirsən o zaman sənə kafir deyirlər və başını kəsməklə hədələyirlər. Ətrafımda məni tanıyanların mənə qarşı münasibəti birmənalı deyil. Məni ateist kimi qəbul etməyənlər də var. Çalışıram ki, fanatik dindarlardan uzaq durum. Çünki onlar din uğurunda dost-yoldaş tanımadan istədiklərini edib, adamı məhv edə bilərlər. Ancaq nə qədər uzaq durmağa çalışsam da aqresiv dindarlarla hər yerdə rastlaşıram. Yaşadığım məhlədə, küçədə, avtobusda, metroda və sairə. Və ona görə təhlükənin ciddiliyini də anlayıram. Əvvəllər facebook hesabım var idi. Orada fikirlərimi bölüşürdüm. Dindarlar ağızlarına gələni mənə yazırdılar, təhqir və təhdid edirdilər. Dəfələrlə şəhərdə tanımadığım şəxslər arxamca düşüşüb. Hətta döyüldüyüm vaxtlar da olub. Bununla bağlı heç bir yerə müraciət etməmişəm. Çünki həmişə inanmışamkı həbslər, cəzalar deyil, maarifləndirmə cəmiyyəti aydınlığa çıxaracaq. Onu da deyim ki, təhqirlərdən və təhdidlərdən bezdiyimə görə facebook hesabımı bağladım. Amma jurnalist olduğum üçün istər-istəməz yazılarımda dini mövzulara toxunuram. Bilirəm ki, buna görə fanatik dindarlar mənə nə isə edə bilərlər. Ancaq bir ziyalı kimi cəmiyyətimizin gözünü açmağa, maarifləndirməyə çalışıram. - Hələ ailə həyatı qurmamısız. Düşünmürsüz ki, ateist olduğunuzu bildikdə heç bir valideyn qızının sizinlə evlənməsinə razı olmayacaq? - Siz də məsələni lap dramatikləşdirməyin. Düşünürəm, məsələ o qədər qəliz olmaz. Kim bilir, bəlkə mən Şeyx Sənanın əks prototipi olub elə bir xanımla rastlaşacam ki, imana gələcəm J. Məsələnin ciddi tərəfinə gəldikdə, şübhəsiz ki, içimdə bu suala dair qara buludlar var. Təssüflər olsun ki, ölkəmizdə insanların çoxu “camaat nə deyər” prinsipi ilə yaşayır. Belə bir şəraitdə çətinliklərlə üşləşəcəyimi bilirəm. Valideynlərdən öncə mənim düşüncəmi bölüşən və ya qəbul edən qızla rastlaşmalıyam. Ondan sonra valideynləri düşünürəm ki, razı salmaq olacaq. Amma ateist bir adam üçün ailə qurandan sonra problemlər də çoxalır. Çünki indiyədək bütün təhlükələrdən təkcə özünü qoruyurdunsa, ailə qurandan sonra ailəni qorumaq məsuliyyəti üzərində olur. Mənə görə uşaqlarıma “kafir”, “erməni”, “xaçpərəst” balası kimi hədyan dolu sözlərin deyiləcəyi tam gözləniləndir. Hələ onları məhlədə, məktəbdə, əsgərlikdə, “sən kafirsən, sən ermənisən” deyib döyməklərini xəyalıma gətirmək istəmirəm. "AzerTaym.az"