Ateistlərin fəallaşması TƏHLÜKƏ yaradırmı?

Son günlər sosial şəbəkələrin baş mövzusunu dini fikirlər ətrafında aparılan müzakirələr təşkil edir. Xüsusilə, ateistlərin dini polemikalarda aktiv olması müəyyən sualların yaranmasına səbəb olur.

Nəzərə alsaq ki, dini kəsimlə əks mövqedə dayanan ateistlərdirsə, deməli, məsələ bir az da qəlizdir.

 

Necə deyərlər, birinin sözü digərinin boğazından keçmir.  

 

Dindarlarla ateistlərin mübarizəsi illərdir cavabsız qalan “yumurta birinci yaranıb, yoxsa, toyuq?!” məsələsinə bənzəyir. Dini müzakirələr hər dəfə “masaya” qoyulanda mübahisələr kəskinləşir.

 

Maraqlıdır, ateistlərin sosial şəbəkələrdə aktivliyi hər hansı təhlükə yarada bilərmi?

 

Modern.az məsələyə münasibət öyrənməyə çalışıb.

 

“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli  hər hansı təhlükənin olacağına inanmadığını deyib.

 

“Sosial şəbəkələrdə belə kəskin mübahisələr, fikirlərə aqressiv yanaşmalar  ola bilər. Bunun hər hansı təhlükəyə gətirib çıxaracağına qətiyyən inanmıram. Azərbaycanda belə halın baş verməsi mümkün deyil. Sosial şəbəkələrdə belə müzakirələrin olmasına normal baxmasam da, bir qədər təbii qəbul edirəm. İnsan fikirlərini ifadə edərkən kimisə təhqir etməməsi üçün  müəyyən çərçivədən kənara çıxmamalıdır. Əslində, sosial şəbəkələr hansısa məsələləri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçündür. Orada səslənən hər hansı fikirlərə də normal yanaşmaq lazımdır”.

 

Onun sözlərinə görə  bu cür məsələlərdə dözümlülük nümayiş etdirmək lazımdır.

 

“Çox zaman dözümlülükdən danışırıq. Dünyaya dözümlülük, tolerantlıq nümunəsi göstəririk. Təəssüflər olsun ki, bəzən dindarları dözümsüzlükdə ittiham edənlər bir də görürsən ki, özləri müxtəlif məsələlərdə dözümsüzlük nümayiş etdirir. Hesab edirəm ki, bu gün insan  hansı əqidədə, hansı düşüncədə olursa –olsun fərqli düşüncəyə qarşı aqressiv mövqedə dayanmamalıdır. Kiminsə fikirlərini, düşüncəsini tənqid edə bilər.

Amma birinin ateist olması hansısa bir inancı təhqir etməyə, aşağılayıcı ifadələr işlətməyə əsas vermir. Bu, cəmiyyətdə birmənalı qarşılanmır.

Azərbaycan əhalisinin böyük əksəriyyətini inanclı insanlar təşkil edir.,  Allaha sevgi ilə, sayğı ilə yanaşan insanlar təkcə məsciddə ibadət edənlər deyil. Elə insanlar var ki, heç bir ayini icra etmir, amma Allaha sevgisi, sayğısı var. Ona görə də yaxşı olardı ki, başqalarının fikirlərinə qarşı təhqiramiz ifadələr işlədilməsin”

 

İlahiyyatçı Elşad Miri isə təhqirlərə yol verildiyi təqdirdə nələrinsə baş verəcəyini istisna etməyib.

 

“Düzü, ciddi qarşıdurmaya gətirib çıxaracağına inanmıram. Çünki bu gün bu məsələlər normal səviyyədə müzakirə predmetinə çevriləcəksə hansısa qarşıdurmadan danışmaq olmaz.  Amma müəyyən təhqirlərə yol verilərsə, məsələlərə kinayə ilə yanaşılarsa və bunun izahı olmazsa o zaman nəsə baş verə bilər. Bu məsələdə kimsə zəmanət verə bilməz ki, hansısa fikirlərə görə sabah nələrləsə üzləşməyəcək.

Təsəvvür edin. Adi dinlə bağlı fikirlərimə görə dindarlardan kəskin şəkildə etirazlar alıram. Bunun qarşısında heç nə etmək olmur. Bu gün elə insanlar var ki, məsələni araşdırmadan sadəcə eşitdiklərinə əsasən onun yaxınlarını söymüş kimi olursan. Ona görə bunu qəbul etməyə bilirlər. Normal insanda əgər ateist təfəkkürü varsa ona konkret cavab verib yerində otuzdurmağı üstün tutmaq lazımdır. Bəziləri də var ki, cavab verə bilməyəndə radikallaşır və bunun da nəticəsi yaxşı olmaya bilər”.

 






Fikirlər