TÜRKİYƏ -Azərbaycan birliyi mövzusu ətrafında müzakirələr qızışır

img2058633

Fazil Mustafa: “Gələcəkdə belə zərurətin olması ehtimalı böyükdür”

Elman Fəttah: “Bir dövlətdə birləşmək məsələsinə heç bir zərurət görmürəm”

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun Türkiyə və Azərbaycanın bir dövlət olması ilə bağlı fikirləri ətrafında müzakirələr getdikcə qızışır. Hər iki ölkənin tanınmış simaları bir-birinin ardınca birlik barəsində fikirlər səsləndirirlər.

Xatırladaq ki, Türkiyənin ordu generalının birlik barədə bu açıqlamaları diqqət çəkmişdi: “Mənim ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır. Onsuz da “tək millət, iki dövlət” deyilmirmi? Bir-birimizlə tərcüməçi olmadan danışırıq. Amma mümkün deyil. İmkan verməzlər. Kaş ki, şərait uyğun olaydı”.

Türkiyə “dərin dövlət”inin və generalitetinin strateji planında bu birliyin yaradılması sirr deyil. Amma birliklə bağlı qarşıya çıxan problemləri nəzərə alsaq, Başbuğun dediyi kimi də, buna dünya gücləri imkan verməz.

BQP sədri, millət vəkili Fazil Mustafa Başbuğun fikirlərinə ilk tərəf çıxanlardan olub. Amma bununla belə o da hazırkı durumda bunun mümkünsüzlüyünə işarə vurdu: “Bu fikir bizim də gələcək ideyalarımızda yer alır. Amma indiki şərtlərdə Azərbaycan Rusiya arealının içərisində müəyyən təhlükələr yaşadığına görə, Türkiyənin də təhlükələrlə üzləşdiyini nəzərə alaraq bunu gerçəkləşdirmək real görünmür. Gələcəkdə isə belə bir zərurətin olması ehtimalı böyükdür”.

Millət vəkili deyir ki, Rusiyanın müəyyən qədər bölgədən çəkilməsi vacibdir ki, Azərbaycan daha müstəqil qərar qəbul edə bilsin: “Bu, birinci növbədə Azərbaycanın təhlükəsizliyi baxımından faydalı ideyadır. Bu formatda qonşu dövlətlərin təzyiqi ilə müəyyən dərəcədə müstəqilliyimiz üçün həmişə bir təhdidlə yaşayacağıq. Amma biz Türkiyə ilə hansısa konfederativ əsaslarla uzlaşma yolu tapmağımız gələcəkdə həm də mövcudluğumuzun qorunması üçün olmazsa olmaza çevrilə bilər. Ona görə də mən indiki şərtlərdə bunu real saymasam da gələcəyin layihəsi kimi gözdən çıxarılmasının da doğru olmayacağını düşünürəm, bu məsələ həmişə diqqətimizdə qalmalıdır”.

Qeyd edək ki, birliyə tərəfdar çıxanlar çoxluq təşkil etsələr də, bunun əleyhinə olanlar da var. Onların gətirdikləri əsas arqumentlər ölkəmizin müstəqilliyinin təhlükə altına düşə biləcəyi ilə bağlıdır. Bu ideyanın ortaya çıxması ilə bir zamanlar Azərbaycanda Konfederasiya Birliyinin yaradılması təşəbbüsü yenidən gündəmə gəlib.

Bu təklifi ilk dəfə irəli sürən tanınmış hüquqşünas Vaqif Hacıbəyli “Yeni Müsavat”a açıqlamasında təşəbbüsünə qarşı çıxanlar sırasında Müsavat Partiyasının da olduğunu qeyd edib. Onun əsas diqqətçəkən fikirləri bunlardır: “Təəssüflər olsun ki, bu təklifimi Azərbaycanın bəzi siyasi qüvvələri müstəqilliyimizin itirilə biləcəyi kimi dəyərləndirdilər. O vaxt Müsavat Partiyası da bu cür mövqe tutdu. Buna çox təəssüflənirəm. Vurğun Əyyub tərəfindən açıqlanan rəsmi mövqedə Müsavatın Azərbaycanın müstəqilliyinin tərəfdarı olduğu göstərildi. Əlbəttə, bu, düzgün yanaşma deyildi”.

İndiki zaman acısından Müsavat Partiyasının hələ də Azərbaycan-Türkiyə birliyinin olması ilə bağlı əvvəlki fikirlərində qalıb-qalmaması ilə maraqlandıq. Başqan müavini Elman Fəttah bildirdi ki, məsələni suverenliyin təhlükə altına düşməsi kimi qəbul etmək və suverenlikdən imtina mərhələsinə qədər uzatmaq düzgün deyil: “Müsavat üçün Azərbaycanın suverenliyi ən müqəddəs məsələdir. Heç bir məsələ Azərbaycanın suverenliyinin itirilməsi ilə yekunlaşmamalıdır. Türkiyə-Azərbaycan münasibətləri səmimi dostluq ənənələrinə malikdir. Həm hər iki toplumun xüsusiyyətləri, həm də hər iki dövlətin maraqları baxımından bütün həlledici məsələlər üst-üstə düşür. Hər iki dövlətin münasibətləri ən yüksək səviyyədə inkişaf etdirilməlidir. Düşünürəm ki, hər iki dövlət arasındakı viza məsələsinin hələ də həll edilməməsi absurddur. Amma bir dövlətdə birləşmək məsələsinə heç bir zərurət görmürəm. Çünki bir dövlətdə birləşmədən, hər iki dövlət yüksək səviyyədə birlik nümayiş etdirə bilərlər. Bunun üçün çox ciddi təbii zəmin var. Amma məsələnin bu şəkildə qoyulması ki, bir dövlətdə birləşdirilsin-dövlətin adının Türkiyə və ya Azərbaycan olacağını bilmirəm-bu doğru deyil. Müsavat Partiyası buna isti münasibət sərgiləyə bilməz. Azərbaycanın suverenliyi bütün məsələlərdən öndə durur”.

E.Fəttah Konfederasiya Birliyinin yaradılması təklifinə də münasibət bildirdi: “Dünya təcrübəsi belə göstərir ki, konfederasiyaların ömrü uzun olmur. Yaradılmış konfederasiyalar qısa zamanda ya federasiyalara çevrilirlər, yəni hansısa dövlətin tərkib hissəsinə çevrilirlər, ya da o Konfederasiya dağılmaqla yekunlaşır. Dünyada bu cür qurulmuş konfederativ dövlət yoxdur. Konfederativ dövlət yaratmaq təklifi mənə cəlbedici gəlmir”.






Fikirlər