"Azərbaycanla Türkiyə konfederativ birlik yarada bilər" — POLİTOLOQ RƏYİ
“Mənim ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır. Onsuz da "tək millət, iki dövlət" deyilmirmi? Bir-birimizlə tərcüməçi olmadan danışırıq. Amma mümkün deyil. İmkan verməzlər. Kaş ki, şərait uyğun olaydı", bu sözləri Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğu deyib. İlkər Başbuğunun bu fikri Azərbaycan və Türkiyədə ən çox müzakirə olunan mövzuya çevrilib. İlkər Başbuğunun fikri ilə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb: "İndiki tarixi şərtlər daxilində bunun həyata keçirilməsi o qədər də asan deyil. Vaxtilə Türkiyə ilə Azərbaycan arasında birbaşa torpaq əlaqəsi var idi. Zəngəzur mahalını ruslar o zaman ermənilərə verməmişdilər. Azərbaycanla Türkiyə Zəngəzur və Naxçıvan vasitəsi ilə birbaşa əlaqədə idi. O zaman torpaq əlaqəsinin olduğu şəraitdə vahid dövlət olmaq məsələsini gündəmə gətirmək olardı. İndi bu əlaqələr, tarixi şərtlər, beynəlxalq münasibətlər şəraitində birləşmək bir qədər çətindir. Ancaq konfederativ dövlət qurumu yaratması, türk xalqları birliyinin yaradılması ideyası mümkün ola bilər. Azərbaycanla Türkiyənin konfederasiya şəklində birləşməsi üçün ərazi bütövlüyünün vacibliyi lazım deyil. Sadəcə olaraq buna xalqların referendum yolu ilə razılıq verməsi lazımdır. Bu şərtlər daxilində Azərbaycanla Türkiyə konfederativ birlik yarada bilər. Bu meydana atılmış yeni fikirdir. Buna da mane olan cəhətlər var. O cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan bölünmüş ərazidir. Yəni, Azərbaycanın böyük hissəsi İranın tərkibindədir. Yalnız Azərbaycanın kiçik bir hissəsi, şimali Azərbaycan müstəqillik qazanıb. 35 milyonluq xalq və müstəqillik əldə edilmiş ərazidən bir neçə dəfə böyük ərazi İranın tərkibindədir. Türkiyə ilə Azərbaycan arasında konfederativ birlik yaradıldıqdan sonra Cənubi Azərbaycanın taleyi necə olacaq, orada yaşayan soydaşlarımızın taleyi ilə maraqlanmaq nə dərəcədə beynəlxalq hüququn normalarına uyğun olacaq bunun haqqında da fikirləşmək lazımdır. İdeya aktual ideyadır. Bu ideyanın aktuallaşması bir qədər çətin görünə bilər. Ancaq qarşıda Vahid Azərbaycan, Azərbaycanın bütövləşməsi məsələsi var, hər iki dövlətin sürətli inkişafı və dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olmaq istəyi var. Bunlar reallaşdıqdan sonra Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi, mədəni inteqrasiyanın müxtəlif formalarını axtarıb tapmaq olar. O zamana qədər türk xalqlarının Avropa Birliyinə oxşar ortaq bazarının formalaşmasına da gedilə bilər. Türk xalqları arasında vahid danışıq dili və əlifbasının formalaşdırılması üzərində iş gedir. Onun da üzərinə getmək olar. Xəyallarımızda bəslədiyimiz Turan ideyası öz yerini tapmış olar".