Şərurlu İsfəndiyarın adı daha bir işdə - 200 nəfəri aldadan iş adamı çıxış yolu axtarır
İş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. Bu dəfə də o, vətəndaşlara qarşı dələduzluqda ittiham edilir. Zərərçəkənlərin sayı 200 nəfərə yaxındır... Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Alışov Cahangir Həsənağa oğlu və Fətəliyev Habil Məmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkmiş Ruhiyyə Rəsulova ifadə verib. O, həbs edilən şəxslərin hər ikisini tanıdığını bildirib və deyib ki, "Yüksəliş" MTK-dan ev almaq üçün həmin şəxslərə 33 min pul verib, amma alacağı birotaqlı evin başqa şəxslərə də satıldığını bilib. Ruhiyyə Rəsulova əlavə edib ki, bu işdə adı keçən Zaur adlı şəxs ona 3 min manat qaytarıb: "Zaur ev alqı-satqısı ilə məşğul idi. İstintaqda 3 min verib dedi ki, həmin pul ona çatandır". Həbs edilən Habil Fətəliyev deyib ki, Zaura həmin 3 min manatı özü verib. Habil Fətəliyev əlavə edib ki, zərərçəkmişlərin pulu ödənilib. Hakim isə bildirib ki, 3-4 aydır davam edən məhkəmə istintaqında eyni vədlər verilir, amma bir nəfər də olsun məhkəməyə barışıq ərizəsi təqdim etməyib. Habil Fətəliyev 81 nəfərlə razılığa gəldiklərini deyib. Bununla bağlı prokuror maraqlı arayış verərək bildirib ki, zərərçəkən şəxslər "Şərur MTK"ya göndərilir. Həmin şəxslərdən əlavə ödəniş tələb edilir. Belə ki, zərərçəkənlər "Yüksəliş" MTK-dan mənzilin kvadratına görə 400 manat ödəyib. "Şərur" MTK isə mənzilləri 900-1250 manata satır. Bununla da zərərçəkənlərdən 400 manatdan əlavə ödənişlər tələb edilir və belə olan halda mənzil verilir. Prokuror deyib ki, bu zərərin ödənməsi demək deyil. Cahangir Alışov və Habil Fərzəliyevin vəkilləri bildirib ki, "Şərur" MTK-nın təklif etdiyi mənzillər təmirli olduğu üçün baha satılır. Qeyd edək ki, mənzil fırıldaqlarının qurbanı olan şəxslərin problemlərinin həlli ilə bağlı dövlət tərəfindən ayrı-ayrı şirkətlərə göstərişlər verilib. Həmin şirkətlər müəyyən güzəştlərlə mənzil fırıldaqlarının qurbanı olmuş şəxslərə yardım etməlidirlər. Şərurlu İsfəndiyar da Musavat.com-a müsahibəsində bu barədə demişdi. Məhkəmədə iştirak edən zərərçəkmişlər "Şərur" MTK-nın təklifi ilə razılaşmadıqlarını deyiblər: ""Şərur" MTK 1250 manata ev təklif edir. Amma bu bizi qane eləmir. Yasamalda o qiymətə ev almağa dəyməz. Camaat 1300 manata "Elmlər Akademiyası" tərəfdə ev alır. "Şərur" MTK adını təmirli qoyub həmin evləri satır. Amma divara rəng vurub təmir adı ilə satmazlar. Bir nəfər gedib həmin evlərə baxsın. Görün, ona təmir demək olarmı". Məhkəmə araşdırması davam etdirilir. Bildirək ki, Cahangir Alışov "Yeni Yasamal" MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib. İttihama görə, mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub "Yüksəliş-C" MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir. Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir. Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir. Samir Alışovun məhkəmə iclasında atası Cahangir Alışov və Habil Fətəliyev şahid qismində ifadə veriblər. Cahangir Alışov oğlunun bu işlərdə təqsiririnin olmadığını deyib. Habil Fətəliyev isə bütün günahı öz üzərinə götürərək Alışovları məsuliyyətdən xilas etməyə çalışır. Fətəliyev onu da deyib ki, zərərçəkmişlər dəymiş zərər tam olaraq ödəniləcək.