İcbari tibbi sığorta üçün son 44 gün: Nələr dəyişəcək? - RƏSMİ

İcbari tibbi sığorta üçün son 44 gün:

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.

"AzerTaym.az" bildirir ki, mövzu ilə əlaqədar olaraq Lent.az bir neçə suala cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, bu məqsədlə 28 dekabr 2018-ci il tarixində “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun (Qanun) qəbul edilib:

“Qanuna əsasən icbari tibbi sığortanın xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Baza hissədən (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) Azərbaycan Respublikasının vətəndaşları, Respublikada daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət büdcəsi hesabına istifadə edə biləcəklər.

Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. 

Əlavə hissəyə əsasən sığortaolunanlar aşağıdakı kateqoriyalara bölünürlər:

1. Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

2. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) üzrə icbari tibbi sığorta haqqı illik 120 manat müəyyən edilib.

3. Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları isə dövlət büdcəsi hesabına ödəniləcək:

18 yaşınadək şəxslər;

23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;

Pensiyaçılar;

Sosial müavinət almaq hüququna malik olan şəxslər;

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;

Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Sözügedən güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur”.

Məlumatda həmçinin bildirilib ki, müvafiq qanunun 15-4.1.2-ci maddəsinə əsasən sığortaolunanın Azərbaycan Respublikasında dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb təchizatçısını və ya tibbi ərazi bölməsini seçmək hüququ var:

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsinə əsasən pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququ var”.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Agentlik 2016-cı ildən fəaliyyətə başlayıb. Belə ki, 2016-cı ildə tibbi sığorta pilot layihə kimi Mingəçevir şəhəri və Yevlax rayonunda, 2018-ci ildən etibarən isə Ağdaş rayonunda tətbiq edilməyə başlayıb.

Hazırda bu istiqamətdə son tamamlama işləri həyata keçirilir.






Fikirlər