Rafiq Tağının qətlindən 8 il ötür - Publisistin qatilləri hələ də TAPILMAYIB
Noyabrın 23-də yazıçı, jurnalist, həkim Rafiq Tağının ölümündən 8 il keçir. Onu 2011-ci il noyabrın 19-da naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıblar. Bundan bir neçə gün sonra, noyabrın 23-də xəstəxanada qəfildən vəfat edib. O, ölümündən az əvvəl bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı. Ancaq İranın Bakıdakı səfirliyi bu iddianı inkar edib. Səfirliyin həmin günlər yayılan bəyanatında vurğulanırdı ki, bu olayın bəzi kütləvi informasiya vasitələrində İranla bağlanması təxribatdır. Üstəlik, Azərbaycan hüquq-mühafizə orqanlarının bu cinayət işi ilə bağlı istintaqı, hələ ki, müsbət nəticə verməyib. Qatil və ya qatillər, qətlin sifarişçiləri məsuliyyətə cəlb edilməyiblər. Onun ailəsindən bildirildiyinə görə, dəfələrlə hakimiyyət orqanlarına bununla bağlı müraciət etsələr də, işdə dönüş olmayıb. Rafiq Tağı «Sənət» qəzetində dərc edilən «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilmişdi. Bu yazıda müəllif azadlıq və humanizm ideyalarının Avropada yarandığını, yalnız burada işlək və real olduğunu açıqlayıb. Elə o üzdən də, xristianlığın Avropada oturuşmuş hala gəldiyi fikrinə gəlib. Bu məqaləyə görə yazıçı həbs olunub və 3 il azadlıqdan məhrum edilib. R.Tağı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi və dini ədavətin qızışdırılması) maddəsi ilə təqsirli bilinib. Yazıçı ancaq 2007-ci il dekabrın 28-də prezidentin əfv fərmanı ilə azadlığa çıxa bilib. O zaman iranlı ayətullah Fazil Lənkərani Məhəmməd Peyğəmbəri təhqir etdiyi iddiası ilə onun ölümünə fitva vermişdi. Yazıçını bir müddət sonra prezident əfv etmişdi. O, Məhəmməd Peyğəmbəri təhqir etdiyi fikri ilə razılaşmırdı. 2011-ci il noyabrın 10-da R.Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunmuşdu. Noyabrın 19-da isə o, bıçaqlanmışdı. "AzerTaym.az"