“Baxdıq, üstündəki paltarları...” - Yandırılan 10 yaşlı qızın atası DANIŞDI ...
Xəbər verdiyimiz kimi, ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın meyiti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Çətin də olsa, hadiəsinin təfərrüatları barədə Nərminin atası Şərif Quliyevlə həmsöhbət olduq. “AzerTaym.az” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında hazırda hadisə yerində olduğunu deyən Şərif Quliyev baş verənlərə hələ də inanmadığını bildirib: “Hazırda hadisə yerindəyik. Bakıdan ekspert qrupunun gəlişini gözləyirik. Bütün polis əməkdaşları, rəis, İcra Hakimiyyətinin nümayəndələri, kənd camaatı hadisə yerindədir. Heç meyiti yerindən tərpətməmişik. Baxdıq, üstündəki paltarları yanıb. Daha detallı araşdırmadan sonra öyrənəcəyik nə baş verib”. Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur: “Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq. Hadisə qardaşımın uşağının toyundan bir gün sonra - 21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”. Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.