Qəzetlərin çöküş səbəbi: Jurnalistlər tənbəlləşiblər

Qəzetçilərin əksəri klassik medianın az oxunmasına əsas səbəb kimi onlayn medianın, xüsusilə də sosial şəbəkələrin sürətli inkişafını göstərir.

 Əgər belədirsə, texnologiyanın kifayət qədər inkişaf etdiyi qardaş Tükiyədə niyə qəzetçilik ənənəsi yaşayır? Niyə yaşlı, gənc fərq etmədən orada insanları qəzet oxuyan görürük? Nədir onlarda olub, bizdə olmayan? Yəqin ki, təqsiri təkcə onlayn medianın boynuna atmaq olmaz.

 Sual yaranır, sosial media olmasa, qəzetlər əvvəlki poupulyarlığını geri qaytara bilərmi?

 Azərbaycan qəzetlərinin oxunmama səbəblərini aydınlaşdırmağa çalışdıq.

 “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid  səbəbləri belə sıralayır: 

 “Qəzetə marağın azalmasının bir çox səbəbləri var. Birinci səbəb, şübhəsiz ki, yeni müasir texnologiya və saytların yaranması, insanların daha çox telefondan, komputerdən xəbərləri əldə etməsidir ki, bu qəzetlərin oxunmasına və satılmasına xeyli dərəcədə təsir göstərir.

 İkincisi, qəzetlərimizin özü xəbər daşıyıcısı kimi operativlik məsələsində uduzurlar. Ona görə də qəzetlər daha maraqlı olmalı, hadisələrə münasibətini araşdırma yazıları və şərhlərlə bildirməlidirlər. Müəyyən səbəblərdən qəzetlərdə çərçivələr, bəzi hallarda özünüsenzura var. Bəzi tənqidi yazılar qəzetlərdə məhdud olur, buna görə də onlar əvvəlki kimi maraq doğurmur.

 

Üçüncüsü, ümumiyyətlə, Azərbaycanda qəzet biznes strukturuna çevrilə bilmədi. Türkiyədə qəzetlər üçün hədsiz imkanlar var. Türkiyədə bir qəzetin bir il ərzində aldığı reklam bütün Azərbaycanın il ərzindəki reklamından çoxdur. Ona görə də qəzetlər orada daha çox inkişaf edib və ictimai fikrə təsir imkanları da genişdir. Bizdə qəzetlər, ümumiyyətlə, medianın reklam büdcəsi çox azdır, qəzetlərdə, demək olar ki, sıfıra yaxındır. Qəzetlər iqtisadi gücsüz vəziyyətdədirlər. Ona görə də populyarlıq məsələsində geri qalırlar.

 Bir də qəzetlərin yayım məsələsi var. Yayım şəbəkəsi bizdə lazımi səviyyədə deyil. Bəzi köşklər var ki, qəzetdən başqa hər şey satıIır. Bu hətta cənab Prezidentin yanında da vurğulandı. Özü də narahatlığını bildirdi ki, mən demişdim, Bakı şəhərinə yeni növ köşklər lazımdır. Amma onu da kiçik bazarlara çeviriblər.

 Qəzetlərin iqtisadi cəhətdən zəifliyi ona gətirib çıxarır ki, Azərbaycanda Türkiyədəki kimi rəngli, çoxsəhifəli qəzetlər yoxdur. Azərbaycanda reklam bazarı, iqtisadi güc olsaydı, qəzetlər daha geniş, rəngli çıxa bilərdi və bir müddət də oxucuların marağında qala bilərdi. Amma yenə də biz ümidimizi itirmirik. Sayt, sosial şəbəkələr eyforiyası keçəcək, Azərbaycanda ciddi, sanballı qəzetlər qalacaq və bizim də 100 səhifəlik rəngli, sanballı qəzet buraxmaq arzularımız hələ yaşayır”.

 Modern.az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə düşünür ki, qəzetlər özəl material azlığında əziyyət çəkir:

 ”Qəzetlərin oxunmaması təkcə Azərbaycan mediasının problemi deyil, dünya mətbuatı da  bu problemlə üz-üzədir. Amma Azərbaycanda problem daha dərin, faciəvidir.

 Bu gün Azərbaycandakı qəzetlərin hər biri (bəri başdan deyim ki, baş redaktorların hər biri dostumdur və bu məsələ şəxsi olmadığına görə düşünürəm ki, məni anlayışla qarşılayacaqlar) agentliklərdən, saytlardan  yazıları öz səhifələrində yerləşdirirlər. Yəni, bu gün hansısa bir saytın  yerləşdirdiyi yazını sabah hər hansı qəzet öz səhifəsində insanlara çatdırmaq sevdasına düşürsə, insanlar onu oxumayacaq. Kim deyə bilər ki, bu günə qədər hər hansı bir qəzetin özəl materialı həmin gün ölkə mətbuatının gündəminə çevrilib, yaxud saytlar qəzetin özəl yazısını manşet xəbərinə çeviriblər. Demək ki, qəzetçilik ənənələrini qoruyan insanlarımız tənbəlləşiblər.

 İkinci məsələ isə texnologi inkişafla bağlıdır. İnternet dövrüdür, əlində telefonla dünyanın istənilən ölkəsində baş verən hadisə ilə anında xəbər tuta bilirsənsə, qəzetlər bunun fərqində olmalıdırlar. Dediyim odur ki, texnoloji inkişaf qəzetlərin hegemonluğuna son qoydu.

 İnternet resursları nəinki qəzetləri, hətta televiziyaları belə sıradan çıxarıb”.






Fikirlər