Kim kimə uduzur: qəzetlər saytlara, yoxsa əksinə? - POLEMİKA
Budəfəki yazımı qəzetlərə həsr etmişəm. Düzü sonuncu dəfə qəzeti tələbə olarkən əlimə aldığımı xatırlayıram. İş elə gətirdi ki, dünən ölkənin çap mediasının bir nümunəsinə nəzər yetirməli oldum. Bu yazımın ərsəyə gəlməsinin səbəbi də məhz həmin qəzet nüsxəsi oldu. Təxminən 10 səhifəlik bir qəzetdə yalnız 2-3 yazı redaksiyanın öz məhsulu idi. Səhifələrə nəzər yetirdikdə, APA, Modern.az, Report, Trend kimi internet resurslara, xarici mətbuata istinad olunmuş yazılar diqqətimi çəkdi. Həmin an “saytlara, agentliklərə istinad edən qəzet kimə lazımdır” sualını öz-özümə verdim. Axı bizim qəzet mediası internet mediasını qeyri-peşəkarlıqda, ana dilini korlamaqda ittiham edir. O zaman belə bir sual doğur: “qeyri-peşəkarların məhsulundan bəhrələnmək hansı peşəkarlığın göstəricisidir?”. Bu suallar barədə öz-özümə düşünməkdən vaz keçib media rəhbərlərinə üz tutdum. İlk müsahibim “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin mövzuyla bağlı sualımı bəyənmədiyini hiss etsəm də, baş redaktorun cavabı həm maraqlı, həm də mübahisəli oldu. “Qəzetlərin dövranı yavaş-yavaş gedir” Rəşad Məcid internet mediasının çevikliyi sayəsində qəzetlərin öz operativliyini itirməsini qeyd etdikdən sonra saytları “topa tutdu”: “Qəzetlərin dövranı yavaş-yavaş gedir. Biz qəzet olaraq bir sıra agentliklərlə -APA, Trend, “Olaylar”la müqavilə bağlamışıq. Mütəmadi olaraq onların informasiyalarını qəzetimizdə yayımlayırıq. Məsələ budur ki, həmin informasiyaları saytlar da verir, amma qeyri-qanuni şəkildə, vaxtından əvvəl götürərək yayımlayır. Nəticədə belə təsəvvür yaranır ki, qəzetlər o informasiyanı saytlardan götürür. Azərbaycanda normal işləyən 2-3 sayt var, qalan hamısı plagiatdır, bir-birindən oğurluqdur. Azərbaycan saytlarının qəzetlərdən, qəzet jurnalistikasından öyrənməli çox işləri var. Bizim saytlara hələ təəssüf ki, jurnalistika demək olmaz. Yeni medianın formalaşması, ondan nə isə olması üçün hələ illər lazımdır. Azərbaycan jurnalistikası barədə həmişə deyilib, jurnalistikanın hansı vəziyyətdə olduğu diqqətə çatdırılıb”. “3-5 sayt yaradıblar, elə bilirlər dünyanı bunlar idarə edir” Baş redaktor ortaya qoyulan mövzunu qəzetlə sayt jurnalistikasını qarşı-qarşıya qoymaq kimi qiymətləndirib: “Qəzetlə sayt jurnalistikasını qarşı-qarşıya qoymaq düzgün deyil. 3-5 nəfər yeni media yaradıb. Elə bilirlər ki, dünyanı bunlar idarə edir. Əksər saytlarda nə Azərbaycan dilinin qanunlarına riayət olunur, nə də jurnalistikanın prinsiplərinə. Saytların qəzetçilikdən öyrənməli hələ çox şeyi var, öyrənmək lazımdır”. R.Məcid “əgər sayt jurnalistikası Azərbaycan jurnalistikasına yamaqdırsa, dilini korlayır və cəmiyyətə heç nə vermirsə, qəzetlər niyə saytlara istinad edir” sualına cavabında “saytların informasiyanı vaxtından əvvəl yerləşdirmək imkanı var” deyərək, qəzetin gündə bir dəfə işıq üzü gördüyünü xatırladıb: “Saytlar olmasaydı belə, qəzetlər o informasiyanı verəcəkdi. Saytların orijinal materialları nə qədər olur ki? Hamısı bir-birindən oğurlayır. Mən çox təəssüf edirəm ki, saytlarla qəzetləri qarşı-qarşıya qoyursunuz. Dediklərim saytlardakı kiçik nöqsanlar idi. Onların nöqsanlarını saymaqla bitməz. Saytların jurnalistikaya çevrilməsi üçün illər lazımdır”. “Bugünkü xəbəri sabah qəzetdən oxumaq əhəmiyyətsizdir” “Publika.az”ın rəhbəri Aynur Camalın məsələyə münasibəti həmkarından fərqlənib. A.Camal Modern.az-a deyib ki, bu gün internet mediasının qəzetləri üstələməsi bir reallıqdır: “Bu ondan irəli gəlir ki, artıq biz internet əsrində yaşayırıq. Xəbər, informasiya almaq bizə bir saniyə qədər yaxın olub. Hətta Amerikada baş verən hadisəni belə, saniyələr sonra internet vasitəsilə öyrənə bilirik. Bu baxımdan klassik medianın nümunəsi olan qəzetlər, çap mediası öz əhəmiyyətini itirməyə başlayıb. Bütün dünyada belədir ki, qəzet bu gün baş verən hadisə barədə məlumatı yalnız səhəri gün yayımlaya bilir. Yazılar redaksiyada hazırlanır, nəşriyyata gedir, çap olunur, satış məntəqələrinə paylanır. Təbii ki, bu, bir sutka vaxt tələb edir. Müasir oxucu üçün səhəri gün o yazıları oxumaq öz əhəmiyyətini itirib. Əgər dünən məni maraqlandıran informasiyanı almışamsa, üzərindən bir gün keçəndən sonra həmin xəbəri qəzetdən oxumağın heç bir anlamı qalmır”. “Qəzetə pul xərcləmək əhəmiyyətsizdir” Sayt rəhbəri qəzetçilərə maraqlı təklif də verib: “Mən düşünürəm ki, onsuz da qəzet Azərbaycanda populyarlığını itirib, nüfuzu azalıb. Ona görə də, hazırkı qəzetlər sayt, agentlik xəbərlərini təkrar çap eləmək yerinə, yaxşı olar ki, yeni məlumatlara, müəllif yazılarına, araşdırmalara üstünlük versinlər. Bununla da özlərini ölkənin ictimai-siyasi mühiti üçün lazımlı etsinlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qlobal iqtisadi böhranın təsirləri özünü göstərməkdədir. Belə bir şəraitdə xərc çəkib, kağıza o qədər pul xərcləyib, nəşriyyata o qədər ödəniş edib qəzetləri çap etmək mənasız görünür. Mən heç kəsin gördüyü işə kölgə salmaq istəmirəm, amma bu bir reallıqdır. Sadəcə olaraq düşünürəm ki, onlar öz işlərində müəyyən dəyişiklik etməklə dönüş yarada, bununla da oxucu marağını yenidən qazana bilərlər. Mütləq dəyişmək lazımdır”. “Sayt jurnalistinin yazı ilə “oynamağa” vaxtı yoxdur” A.Camal klassik media nümayəndələrinin internet mediasına olan iradlarını haqlı sayıb: “Onların sözündə də həqiqət var. Amma nəzərə alsınlar ki, sayt əməkdaşlarının xüsusi professionallıq sərgiləməyə sadəcə vaxtları qalmır. Tutaq ki, paytaxt Bakıda bir hadisə baş veribsə, biz dərhal onu oxucuya çatdırmağı düşünürük. Həmin xəbərdə cümlələri xüsusi peşəkarlıqla, əhatəli, təsirli yazmaq üçün vaxt yoxdur. Düzdür, mən buna haqq qazandırmıram, yaxşı hal deyil, Azərbaycan dilinə çox zərər vururuq, jurnalistikanın təməl prinsipləri bir çox hallarda pozulur. Amma maddi imkanlarımız geniş olsaydı, online sistemdə çalışan redaksiyalarda korrektorlar olardı, redaktorlarımızın sayını artırardıq. O zaman peşəkarlıq prinsiplərinə də kifayət qədər əməl edərdik. Amma bizim indiki maddi vəziyyətimiz buna imkan vermədiyinə, vaxt məhdudiyyətlərimiz olduğuna görə, qeyri-peşəkar materiallar da işıq üzü görür. Amma qəzetlərin sayt xəbərinə, məlumatına istinad etməsi, onların “onlayn” media qarşısında uduzmağı deməkdir”.