Bir şər kampaniyasına sözardı: qaranlığı sevənlər ZİYAya qarşı!
Bir şər kampaniyasına sözardı: qaranlığı sevənlər ZİYAya qarşı! Böyük alman mütəfəkkiri Hötenin ən maraqlı və dəqiq təsbitlərindən biri belədir ki: “İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə bunu çox az adam görə bilir”. İndi onun haqqında əvvəllər hər gün, indi isə az qala gündə bir neçə dəfə yayılan və yalan olduğu hər sözündən bəlli olan “xəbərləri” oxuyanda adamın ağlından ilk keçən məhz Hötenin bu dahiyanə sözləridir. Onun haqqında yalanları görməkdə xeyli adam acizdir, ya da maraqlı deyil – bu yazı da məhz belələrinə xitabla yazılıb. Ki, həmin yalanları nəhayət, görə bilsinlər! Yuxarıda “xəbərləri” sözünü dırnaqda yazmağımız təsadüfi deyil, tam əksinə, zərurətdən irəli gəlir: xəbər də, xəbərçilik də doğruluq, obyektivlik hadisəsidir. Gözünə azacıq yalan qatılmış xəbər belə, artıq xəbər olmaqdan çıxır, ya qeybətə, ya dedi-qoduya, ya iftiraya, ya böhtana çəkir. Elə ona görə də bu gün onun haqqında yazılan, yayılan məlumatların heç birini XƏBƏR olar dəyərləndirmək qeyri-mümkündür. Söhbət ancaq “Çamur at, yapışmasa da izi qalacaq” məntiqi (daha doğrusu, məntiqsizliyi!) ilə aparılan nəhəng, genişmiqyaslı yalan və böhtan kampaniyasından gedə bilər. Bəli, bu yazıda süni şəkildə medianın və ictimai rəyin hədəf taxtasına oturdulmasından, ona qarşı işə düşən yalan, iftira şəbəkəsinin pərdəarxası məramlarından, gizli, ancaq gizli olduğu qədər də aşkar niyyətlərindən danışacağıq. “Söndürülməyə” çalışılan Ziya Müdriklərdən kiminsə belə bir hikmətli sözü var: “Yalanın qüdrəti onun sürətlə yayılmasındadır”. Biz bu bir cümləlik hikmətin özündə nə qədər böyük həqiqəti ehtiva etdiyini Ziya Məmmədov haqqında aramsız şəkildə yazılanlardan aydın görürük. Onun barəsində “xəbərlər”, “araşdırmalar” bir göz qırpımında və böyük sürətlə tirajlanır, manşetlərə daşınır, ətrafında süni ajiotaj yaradılır və qətiyyən şübhə doğurmur ki, bu nəqliyyat nazirinin nüfuzuna xələl gətirməyə, onu əvvəlcə mənəvi və psixoloji cəhətdən, daha sonra isə vəzifə baxımından sarsıtmağa hesablanıb. Yalanın qüdrətinin onun sürətlə yayılmasında olduğunu bilən və bundan maksimum yararlanmağa çalışanlar bir sadə gerçəkliyi ya bilmir, ya da bilmək istəmirlər: “Həqiqət də şam kimi işıqlandırır, amma onun şamdan bir fərqi var: həqiqəti üfürmək olar, ancaq söndürmək olmaz”. Hazırda biz bu ibrətamiz gerçəkliyin nə qədər dəqiqliklə söyləndiyinə Ziya Məmmədovun nümunəsində birgə şahidik: onu da “söndürməyə” çalışırlar, amma başa düşmürlər ki, bu “üfləməklə” mümkün deyil... Mənəvi terror aktı Açıq demək lazımdırsa, nəqliyyat nazirinə qarşı aramsız və amansız kampaniya mənəvi terror aktından başqa bir şey deyil. Heç cür anlamaq mümkün deyil ki, ondan nə istəyirlər! Məmmədovun vəzifəsini bir kənara qoyaq. Axı bir insanın üzərinə bu qədər gəlinməsi – həm də, yalan və iftira silahları ilə! – nə qədər doğrudur, doğru olması bir yana, nə qədər insani, nə qədər etik və hüquqidir? Nəqliyyat naziri bu postu daşıdığı müddətdə rəhbərlik etdiyi sahədə nəhəng infrastrukturun yaradılmasına nail olub, Azərbaycanda dünya və Avropa standartlarına cavab verən yol və körpülərin inşasını təmin edib, nəqliyyat sektoruna ən yeni texnologiyaların tətbiqini gətirib, bir sözlə, bu sahəyə hər il büdcədən ayrılan iri məbləğdə pulların qarşılığını artıqlaması ilə verməyə çalışıb. Yaxşı, elə isə onun bu gün bu qədər hədəfə çevrilməsi hansı məntiqə sığır? Özü xirtdəyəcən çirkab içində olanlar, zaman-zaman müxtəlif qütblərin əlinə (oxu: maraq və mənfəətlərinə!) işləyən, dünənəcən ən kəskin şəkildə ittiham hədəfinə çevirdiyi ünvanlardan bu gün ənam və fəxri ad almaq üçün dəridən-qabıqdan çıxan biriləri indi ölkənin ən nüfuzlu və təcrübəli məmurlarından birinin üstünə qurşadan aşağı “zərbələr” endirməyi, qərəzli və sifarişli olduğu qətiyyən şübhə doğurmayan hücumlar etməyi, bu “hücumlarında” bütün etik və hüquqi sərhədləri aşaraq hər dəfə bir az da “irəli getməyi” necə bacarır, bunu özlərinə necə rəva görür, buna necə üzləri gəlir?! “Qara dairələrin” ağ eləməkliyi Bəli, Ziya Məmmədova qarşı məlum kampaniya qərəzli olduğu qədər də sifarişlidir: kimlərsə, hansı “qara dairələr”, “qaranlıq qüvvələrsə” onu sıradan çıxarmaq üçün Azərbaycan xalqının milli-mənəvi dəyərlərini belə asanlıqla çeynəyir, öz çirkin kampaniyalarında nəqliyyat nazirinin ailə üzvlərinin, yaxınlarının belə adlarını gen-bol hallandıraraq, iyrənc məqsədləri uğrunda bütün etik, mənəvi prinsipləri rahatlıqla çeynəyə biləcəklərini göstərirlər. Qısaca desək, qara niyyətlilər hər keçən gün daha çox ağ eləyirlər! Onlar və çevrələri üçün bu gün bir zamanların məşhur şüarı indi bir az korrektə edilmiş formada qarşımıza çıxır – “LƏKƏLƏ, PARÇALA, ÜSTƏLƏ VƏ HÖKM ELƏ!” şüarı arıq belələrinin iş üslubuna və həyat amalına çevrilib.
Ən maraqlısı və düşündürücüsü odur ki, Ziya Məmmədova qarşı bəzən hətta heç bir fantastik təxəyyülün sərhədlərinə belə sığmayacaq yalanlar (məsələn, oğlu Anar Məmmədov barədə sonradan təkzib və üzrxahlıqla müşayiət olunan “ayı kababı” uydurması) onun nüfuzunun artması ilə paralel ortaya atılır. Açıq görünür ki, nəqliyyat nazirinin uzun illərdən bəri hakimiyyətə sədaqətli xidmətinin və öz sahəsindəki uğurlarının bəhrəsi olan bu nüfuz yüksəlişi kimlərinsə yuxusuna haram qatıb, onları narahat etməyə başlayıb. Ola bilər. Amma bu heç kimə Məmmədovun özü bir yana, onun doğmalarının belə adını şər-bö-htan kampaniyasına qatmağa imkan və icaz vermir. Nə əxlaqi, nə hüquqi cəhətdən! Anar Məmmədov barədə dayanmadan ləkələmə kampaniyası aparanlar onun Azərbaycandan kənarda ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində strateji əhəmiyyətli işlər, dövlət əhəmiyyətli layihələr həyata keçirdiyini niyə unudurlar? Belələri öz qara PR kampaniyalarının bu mənada həm də dövlətə qarşı təxribat xarakteri daşıdığını bilmirlərmi? Bununla onlar kimlərin dəyirmanına su daşıdıqlarının, daha doğrusu, Azərbaycanı sevməyən qüvvələrə dolayı yolla dəstək verdiklərinin həqiqətənmi fərqində deyillər?! Yaxud nazirin qardaşı Elton Məmmədov və oğlunun cəmiyyətdə xoşagəlməz obrazlarının yaradılmağa çalışılması hansı normal ağılın və məntiqin məhsulu ola bilər? Elton müəllimin Azərbaycan hakimiyyətinə, eyni zamanda Azərbaycan dövlətinə qarşı yönəlmiş hücumlara qarşı daim kəskin mövqe tutması, millət vəkili kimi parlamentdə səmərəli qanunverici fəaliyyətlə məşğul olması hər kəsin məlumu olduğu halda onu və oğlunu absurd və əssasız ittihamların hədəfinə çevirməyə çalışmaq sadəcə, ürək bulandırır. Ümumiyyətlə, Azərbaycanın yaxın ictimai-siyasi həyatında Məmmədov qardaşları qədər uğurlu tandemin mövcud olmadığı bir reallıqdır və görünür, kimlərsə həm də bu reallıqdan narahatdırlar. Süni qarşıdurma yaratmaq cəhdi: boş və gülünc! Ən absurd məqamlardan biri isə Ziya Məmmədovu hazırda “Azərbaycan Dəmir Yolları”na rəhbərlik edən Cavid Qurbanovla üz-üzə qoymaq, beləcə, hakimiyyət daxilində hansısa qarşıdurma meyllərinin olduğunu göstərmək cəhdləridir.
Bu cəhdlər boşunadır, eyni zamanda gülüş doğurur. Çünki onların hər ikisi bir-birinə böyük ehtiram və dərin hörmət hissi ilə bağlıdırlar, eyni zamanda bir məqsəd və niyyət ətrafında birləşirlər: Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə töhfə vermək! Həm Məmmədovun, həm Qurbanovun dövlətə və dövlətçiliyə sədaqəti, öz işlərinin peşəkarı olmaları, yüksək təşkilatçılıq qabiliyyətləri də onların ortaq cəhətləridir. İndi bütün bunları gözardı edib, onları üz-üzə qoymağa çalışmaq, beləliklə də ya bilərəkdən, ya da bilməyərəkdən (biz şəxsən birinci versiyaya üstünlük veririk!) hakimiyyətin monolitliyinə kölgə salmaq, ölkənin iqtisadi gücünün artmasına badalaq vurmağa çalışmaq sizcə, kimlərin işinə yarayır? Əlbəttə, ilk növbədə anti-Azərbaycançı çevrələrin, hakimiyyətin monolit, iqtisadiyyatımızın isə peşəkar əllərdə olmasını istəməyənlərin! Və sonda: Bir müdrik kəlamda deyilir ki, “Həqiqət həmişə sakit və təvazökardır...” Görünür, Ziya Məmmədovun özünə qarşı aramsız və amansız yalan, böhtan kampaniyası qarşısında susqunluğu, məlum hücumlara sakit münasibəti də buradan irəli gəlir. O özünə arxayındır, bilir ki, bu günədək dövlətə və dövlətçiliyə həm sədaqətli, həm də professional xidmətlərini heç bir şər, iftira şəbəkəsi kölgələyə bilməz. O əmindir ki, yağ suyun üzünə çıxdığı kimi, həqiqət də həmişə yalandan yüksəkdə durur. Ona görə də üzərinə atılmağa çalışılan çamurlara əhəmiyyət vermədən yoluna davam edir. Ömrü dövlətə, dövlətçiliyə xidmətdə keçmiş, həyatın bütün üzlərini görmüş, yetkin, təcrübəli bir şəxsə yaraşan da yəqin ki, elə budur! Azər Abdul.