Eldar Əzizov 40 tikilini sökdürdü – Reyd
Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, Badamdar qəsəbəsi və Şıx ərazisindəki «Dostluq parkı» yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərə yol verilməsi halları ilə bağlı dəfələrlə narazılıqlar olub. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanılıb.
Keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan «Dostluq parkı» ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmış və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılıb, boş sahələrin hasarları sökülərək ərazi təmizlənilib.
Reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüqüq-mühafizə orqanlarına göndəriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev bu yaxınlarda Səbail Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib. Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Səbail RİH-ə başçı postuna təyin edilib.