Axundun qardaşı HİCABa qadağa qoydu – Azərbaycanda ŞOK
Zərdab RİH başçısı Lütvəli Babayevin hicablılara qarşı sərt münasibət rayonda etiraza səbəb olub. Bu barədə redaksiyamızın elektron poçtuna daxil olan məktubda deyilir: “Zərdab RİH başçısı Lütvəli Babayev dünən Zərdabda Dövlət Müstəqilliyi ilə bağlı parkda keçirilən tədbirdə yenə də hicablıları “asıb-kəsib”. Hicabı dəstəkləyən imanlı insanların yaydığı yazıyla bağlı öz fikrini bildirib. Qeyd edib ki, bu yazının müəllifini mütləq tapacaq. Və qəti şəkildə bildirib ki, bazar ertəsi günü hicablı müəllimlər məktəbə buraxılmasın, ərizələrini yazıb işdən çıxsınlar. Hətta ürəklə deyib ki, mən heç nədən və heç kimdən qorxmuram, mənə heç nə edə bilməzlər, hicablılar haqqında qərarımı heç nə dəyişə bilməz! Lütvəli Babayev, yazını yazanı tapıb nə edəcəksiniz? Sizə böhtanmı atılıb? Təhqirmi olunmusunuz? Ancaq unudursunuz ki, ölkədəki bütün inanclı insanlar hər gün sizdən Allaha şikayət edir. Sizdən hicaba qadağa qoymayan ölkə Prezidenti İlham Əliyevə də şikayət ediləcək. Yoxsa, sizin nəzarətinizdə olan ərazilərdə demokratiya, insan hüquqları soyunananlar üçündür, geyinənlər üçün yox? Rayona xaricdən bir rahibə gəlsə, onu soyundurub buraxacaqsınız rayona? Ona da “burada örtülü geyimə qadağa var” deməyə cəsarətiniz varmı? Bu gün Azərbaycanın ali təhsil ocaqlarında nə qədər hicablı tələbə qızlar var, xəbəriniz varmı? Yoxsa, onları soyundurub salırlar universitetlərə? Hər il nə qədər hicablı qızımız məzun olur. Niyə onlara problem yaradan olmayıb? İki ildir ki, hicablı qızlar hətta ən yüksək balla ali məktəblərə qəbul olunurlar. Onları kimsə məcbur etdimi hicablarını soyunmağa? Heç kim etmədi, etməz də! Çünki hamı bilir ki, Ölkə Prezidentinin hicaba qadağası yoxdur! Bu gün çox xristiyan ölkələrində hicaba qadağa yoxdur! Niyə müsəlman ölkəsində, həm də kiçik bir əyalətdə, mənim rahatçılığım üçün çalışmalı olan bir məmur mənim hicabıma qadağa qoyur? Hansı haqla? Kimin verdiyi verdiyi qərarla? Lütvəli Babayev! Allahdan qorx! Əl çək hicablılardan. Get “atını” başqa yerdə oynat! Heç kimə də hədə-qorxu gəlmə! Dəvədən böyük fil var! Vaxtın olsa, bu videonu da izlə və Prezidentin sözlərindən nəticə çıxar”. Qeyd edək ki, Lütfəli Babayev Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Mingəçevir şəhərinin axundu Xanəli Babayevin qardaşıdır.