Xəbər verdiyimiz kimi, bu gün Vətən müharibəsində şəhid və “Vətən yaxşıdır” təsnifiylə dillərdə dastan olan Xudayar Yusifzadənin doğum günüdür.
Moderator.az-ın əməkdaşı bu münasibətlə Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova və Elçin Həşimovun fikirlərini öyrənib.
Mənsum İbrahimov:
“Xudayar bir simvola çevrildi. Bilirsiniz ki, mahnı bizim ustad sənətkarımız Əlibaba müəllimindi. Mahnı hər zaman sevilirdi, amma Xudayarın mahnını oxumasıyla bu dillər əzbərinə və “Xudayar təsnifi”nə çevrildi. Bununla Xudayarın da adı əbədiləşdi. O, vətən yolunda canından keçdi. Ona görə də düşünürəm ki, o mahnıyla Xudayarın adının əbədiləşməsi təqdirəlayiq oldu. İndi hər kəs deyir ki, bu Xudayarın təsnifidi. Bu gün bütün gənclərimiz o mahnını sevir, sanki bu mahnıyla Xudayar bir birlik yaratdı. Şəhidlərimiz ölümsüzdü, ruhları göylərdədi, hər zaman xalqımızın qəlbində yaşayacaqlar. Onların sayəsində həsrət qaldığımız torpaqlarımıza qovuşduq. Qürurumuz özümüzə qayıtdı, Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Bununla bağlı mənim də fikrimi öyrənmişdilər və Əlibaba müəllim də xeyir-dua verib “Vətən yaxşıdır” təsnifinin bundan sonra “Xudayar təsnifi” adlandırılmasını çox yüksək qiymətləndirdi”.
Aygün Bayramova:
“Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Xudayar uşaqlıqda Bərdə Musiqi Məktəbində təhsil alıb. Amma sonrakı yolu hərbiylə bağlıdır. Qarabağ müharibəsində də Xudayar kiçik ifasıyla ürəkləri fəth etdi. O, şəhid olmamışdan öncə ifasını görmüşdüm, Xudayar şəhid olandan sonra bu mənə çox pis təsir etdi. Bütün şəhidlərimiz qəlbimizdədir, onlar heç vaxt yaddan çıxmayacaq. Xudayar balaca səsiylə görün necə bir yer tutdu. Onun ifası daha sonra duet şəklində oxundu. Bu da çox gözəl bir şeydi. Allah ailəsinə səbr versin. Heç bir şəhidimiz yadımızdan çıxası deyil. Çox ağrılıdı, iyirmi üç yaşında canını vətən üçün qurban vermək böyük bir qəhrəmanlıqdı. Biz şəhidlərimizin sayəsində otuz ildir işğalda olan torpaqlarımızı erməni mənfurlarından azad etdik. Onlar həmişə xatırlanacaqlar. Onlar elə bil ki, öz gəncliklərini vətənə fəda etdilər, amma hər birimizin ürəyində bir heykəl yaratdılar. Ailələri üçün çətindi, Allah səbr versin”.
Elçin Həşimov:
“Ümumiyyətlə, onu deyim ki, bu mahnı Əlibaba müəllimin ifasında çox sevilib. Biz bu mahnını həmişə ifa etmişik. Sadəcə olaraq mahnının mətnindəki sözlərə fikir versək, vətənin tərənnüm olması insanı daha çox cəlb edir. Bu mahnının da səngərdə, düşmən qarşısında ifa edilməsi xüsusiylə fərqlənir. Bunu hər hansı bir konsert salonunda oxusaydın, elə də effekt verməyəcəkdi. Məhz bunu vətən torpağının üstündə, vətən oğullarıyla bir yerdə Xudayarın ifa etməsi tam fərqli idi. Xudayarın atası da, əmisi də musiqiçi olub. Onlar musiqiçi ailəsidir və ona görə də Xudayar mahnını sırf professional müğənni kimi oxuyur. Bununla yanaşı, vətən məhəbbəti, döyüş əzmkarlığı bir-birini tamamlayır. 44 günlük müharibə vaxtı bir çox ifaçılar vətən haqqında mahnılar yazıldı, oxundu, amma o dərəcədə də tuta bilmədi. Çünki uyğunluq olmadı. Məhz bu mahnının gözəlliyi odur ki, onu Xudayar səngərdə oxudu. Bu mahnıyla onun yaddaşlarda əbədiləşməsinin səbəbkarı Xudayar özüdür. Adam var ki, 50-60 il oxuyar, amma heç bir ifasıyla yadda qalmaz. Amma Xudayar qısa ömrüylə bu ifasıyla şəhidlik zirvəsinə qalxaraq əbədiləşdi”.