“Azərişıq” azad edilmiş ərazilərdə görülən işləri açıqladı - FOTOLAR

“Azərişıq” azad edilmiş ərazilərdə görülən işləri açıqladı

Bu gün Tovuz Regional ASAN Xidmət mərkəzində “Azərişıq” ASC-nin il ərzində tətbiq etdiyi yeniliklər və həmçinin işğaldan azad edilmiş ərazilərdə ən son görülən işlərlə bağlı “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsa-zadənin iştirakı ilə media nümayəndələri üçün brifinq təşkil edilib.

 Prezident tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixində 1313 nömrəli fərman imzalanıb.

Həmin fərmanın icrası ilə əlaqədar olaraq sahibkarların müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədi ilə “Azərişıq” ASC tərəfindən Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılıb. Belə ki, pandemiya dövründə hərəkət məhdudiyyətini də nəzərə alaraq, sahibkarların online qaydada Elektron Müraciətlərin İdarəetmə Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırıb.

EMİOS vasitəsi ilə sahibkar reyestr və qeydiyyat nömrəsini təqdim etməklə 150 kV-a (kilovat) qədər mövcud və ya inşa ediləcək tikinti obyektini E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından, “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində quraşdırılmış Özünəxidmət pəncərələrindən istifadə edərək enerji təchizatı şəbəkəsinə qoşulma üçün onlayn qaydada müraciət edə bilər. Bununla da sahibkar müraciət zamanı tələb olunan gücü müəyyənləşdirdikdən sonra onlayn şəkildə qoşulma haqqını ödəyə bilir.

Dekabrın 20-də Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Xidmət indeksi” üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirib. Görüş zamanı 2021-ci ildə “Azərişıq” ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşdür. Bu da onu göstərir ki, “Azərişıq” ASC-nin tətbiq etdiyi islahatlar öz töhvəsini verərəkpandemiya dövründə vətəndaşların enerji təchizatı şəbəkəsinə səmərəli şəkildə qoşulması üçün zəmin yaradıb.

Qeyd edək ki, 2021-ci ildə Qarabağ regionundan enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar 36 onlayn müraciət daxil olub. Şuşa şəhərinin baş planına uyğun olaraq 9  ədəd 35 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulub. Nəzərdə tutulan yarımstansiyaların  6-sı tikilməkdədir və 3 yarımstansiyanın tikinti quraşdırma işləri bitmək ərəfəsindədir. Şuşa şəhərində gələcəkdə istifadəyə veriləcək yarımstansiyalardan çıxan elektrik naqilləri yeraltı çəkiləcək. İlk dəfə olaraq yarımstansiyadan abonentin sayğacına qədər və hətta sayğacda olan məlumatları belə rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə onlayn oxunmaq və idarə etmək mümkün olacaq.

Kəlbəcər şəhərində də mütəmadi olaraq işlər davam etdirilir və əksər hərbi hissələr elektrik enerjisi ilə təmin edilib. Eyni zamanda Güləbirddən Laçın dəhlizinə qədər, həmçinin Laçın dəhlizindən keçməklə Minkənd istiqamətində 35 kV-luq yeni xətlərin çəkilişinin 70%-dən çoxu icra olunub və hazırda da işlər davam etdirilir.

 





 






Fikirlər