“Böyük qayıdış” üçün gecə-gündüz iş gedir ...
“Yaxın 2-3 ilə artıq həm Ağdam şəhərinə, həm ətraf kəndlərə, eləcə də Füzuliyə, Xocavəndə və Tərtərin işğaldan azad olunmuş ərazilərinə soydaşlarımızın böyük qayıdışını müşahidə etmək imkanı əldə edəcəyik. Gələn ildən əsas tikinti layihələrimiz başlayır”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib. “Ümid edirik ki, 2024-cü ilin sonuna bu layihələrin hamısı - ən vacibi şəhərin tarixi mədəni mərkəzi ilə bağlı həm yaşayış məhələləri, həm sosial təsisatlar, həm mədəniyyət müəssisələri, həm inzibati mərkəz, həm uşaq bağçaları - həyat üçün tələb olunan bütün sosial infrastruktur hazır olub istifadəyə veriləcək. 2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə qaytaracağıq”, - E.Hüseynov bildirib.
musavat.comHadrut və Şuşaya səfər edən Günel Abbas: “Bu qayıdış əbədi olacaq”
“66 min keçmiş məcburi köçkün evinə qayıdacaq. Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmağı hədəfləyirik. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkünlərimiz yeni evlərinə qayıdacaq. İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesi əsasən 3 hissəyə bölünür ki, onun da birinci mərhələsi 2026-cı ilə qədər yekunlaşdırmağı planlaşdırılır”, - deyə ölkə başçısının nümayəndəsi qeyd edib.
Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi açıq tenderin qalibi müəyyən edilib. Ümumilikdə 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “ARCHİCO” MMC tenderin qalibi elan olunub. Tender şərtlərinə görə, şirkət tərəfindən avtodayanacaqla birgə, 3-5 mərtəbə olmaqla 15 yaşayış binası tikiləcək.
Həmçinin adıçəkilən şirkət tikinti başa çatdıqdan sonra binaların 24 ay ərzində istismarına da zəmanət verəcək.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin məlumatına əsasən, Şuşa şəhərinin Baş planına uyğun olaraq ümumilikdə 23 binadan ibarət yaşayış massivinin inşası həyata keçirilir. Binalar müasir görüntülü və yerli hava şəraitinin tələblərinə uyğun olaraq tikilməkdədir.
Göründüyü kimi, “Qarabağa Qayıdış planı” çərçivəsində görülən işlər getdikcə sürətlənir.
Əslən Ağdamdan olan, həftəsonu Hadrut və Şuşaya səfər edən “Yeni Azərbaycan” qəzetinin siyasi yazarı Günel Abbas gördüklərini “Yeni Müsavat”a danışdı: “Azərbaycan hökuməti ötən dövr ərzində torpaqlarımızda işğalçılıq siyasətini həyata keçirən Ermənistana hələ də humanist yanaşır, sülh təklif edir. Ancaq Ermənistan bu təkliflərlə razılaşmaqdan boyun qaçırır. Eyni zamanda beynəlxalq hüququn normalarını pozaraq sərhəddə təxribatlar həyata keçirməyə cəhd edir. Heç şübhəsiz ki, Ermənistanın bu cür əməlləri həm də Qarabağa "Böyük qayıdış"a mane törətməyə yönəlib. Bütün əngəllərə baxmayaraq işğaldan azad olunan ərazilərimizdə ilk günlərdən başlayan abadlıq-quruculuq işləri sürətlə davam edir. Məlumdur ki, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Ölkə başçısının da dediyi kimi, bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Ümumilikdə bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Prezidentin verdiyi xoş xəbərə əsasən deyə bilərik ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının da tikintisi başlayacaq.
Qarabağ və Şərqi Zəngəzura qayıdış fonunda həmin ərazilərin elektrik enerjisi ilə tam təchizatı prioritet məsələlərdən biridir. Bu məqamda oktyabrın 7-də media nümayəndələrinin Füzuli-Hadrut-Şuşa ərazilərinə təşkil olunan mediaturuna diqqət çəkmək istəyirəm. Səfərin əsas məqsədi həm tikilməkdə olan, həm də hazırda fəaliyyət göstərən və müasir standartlara cavab verən enerji infrastrukturu ilə tanışlıq idi. Burada gördüklərimiz təkcə enerji ilə bağlı deyildi. Bir vaxt bayraq sancmağa daş üstə daş qalmayan Füzulidə artıq hər addımbaşı tikinti işlərinin şahidi olduq. Eləcə də Hadrut və Şuşada həyata keçirilən böyük layihələrin nə qədər yüksək perspektiv vəd etdiyini əyani şəkildə müşahidə etdik. Görülən işlərin miqyası həqiqətən böyükdür. Füzulidə bir yandan elektrik yarımstansiyasının, digər yandan yaşayış binalarının tikintisi gedir. Bu da artıq Füzuliyə “Böyük qayıdış”ın nə qədər yaxın olmasından xəbər verir.
Son zamanlar “Böyük qayıdış” prosesinin guya ləngiməsi ilə bağlı əsassız fikirlər səslənir. Bu səfər çərçivəsində əldə olunan materiallar və onların geniş ictimaiyyətə təqdim olunması ilə sözügedən söhbətlərin nə dərəcədə yanlış olduğunu gördük. Təkcə həmin ərazilərdə yox, eləcə də Ağdam şəhərində geniş miqyaslı işlər görülür. İşğaldan azad olunan ərazilərin hansında dağıntılar daha çoxdursa, Prezidentin tapşırığına əsasən həmin ərazilərə ikiqat diqqət göstərilir. Bu mənada Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi həm məzmun etibarilə, həm də strateji cəhətdən əhəmiyyətli idi. Ağdamın gələcəkdə Azərbaycanın, Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə inamımız tamdır. Ağdam şəhərinin dövlətin diqqət mərkəzində yer alması həm də bir ağdamlı kimi məndə qürur doğurur. Azərbaycan xalqı Qarabağa qayıdır və bu qayıdış əbədi olacaq. Buna heç kimin şübhəsi olmasın".