Günah kimdədir: yazıçıda, yoxsa jurnalistdə? - Media eksperti izah edir...

"İctimai informasiyalara çıxış hər kəs üçün açıq olmalıdır. Dövlət büdcəsindən ayrılan vəsaitin harda, necə xərclənməsi hər zaman cəmiyyət üçün maraqlıdır və bütün jurnalistlər bu tip məlumatları sorğulaya bilir. İkinci məqam odur ki, jurnalist istənilən bir məsələnin gündəmilə bağlı sorğu keçirərkən öncə özü də araşdırma etməli və hazırlıqlı olmalıdır. Məsələn, əmin olmadığı bir şeyi soruşmamalıdır".
 
 

Bu fikirləri Bakupost.az -a açıqlamasında media eksperti Ələsgər Məmmədli ötən gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin sualına yazıçı Çingiz Abdullayevin təhqirlə cavab verməsi məsələsinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, jurnalist sualları verərkən bəzən qıcıqlandırıcı, sorğulayıcı müəyyən nələrsə deyə bilər, amma jurnalist qərəzli olmamalıdır:
"Jurnalist bildirir ki, "deyirlər, 200-300 min ayarılıb". Halbuki rəsmi qərarla 203 min ayrıldığı bir neçə gün öncə mediada yayılmışdı və jurnalist bunu bilməlidir. Bu, jurnalistikanın təməl prinsipllərindən biridir. “Orada 200-300 minlik nə var idi” dediyi zaman, bəribaşdan öz rəngini qatır, daha doğrusu, mövqeyini qoymuş sual verir. Halbuki cəmiyyət adına mövqe qoymadan qarşı tərəfdən bilgi alınmalıdır. Bu aspektdən baxsaq, jurnalistin peşəkar davranışı etik baxımdan sorğulana bilir. Jurnalist bu tip məqamlarda ayırd etməlidir ki, sual verdiyi informasiyadan şifahi cavab ala bilər, ya yox? Əgər jurnalist 203 minlik resursun xərclənməsilə bağlı məlumat almaq istəyirsə, hökmən yazılı informasiya sorğusu göndərməlidir. Çünki qanunvericilik bu tip informasiyaların şifahi qaydada cavablandırılmasını öhdəlik kimi qarşı tərəfin üzərinə qoymur. Ümumi istiqamət olaraq qoya bilər. Məsələn, hansı istiqamətdə xərclənib sualını verib, cavab almaq olar. Amma həqiqətən, məqsəd detallı şəkildə o vəsaitin hara xərcləndiyini öyrənməkdirsə, bunun üçün yazılı sorğu vermək daha doğrudur və qanunvericilik də bu formanı tələb edir. Heç bir dövlət qurumunda, heç bir vəzifəli şəxs bütün detalları əzbər bilə bilməz və bunu da gözləmək olmaz".
Ə.Məmmədli məsələnin Yazıçılar Birliyi aspektinə də diqqət çəkib:
"İşin Yazıçılar Birliyi aspektinə gələndə Çingiz Abdullayevin böyük ehtimal Azərbaycan dilində özünü yaxşı ifadə edə bilməməsi və sualı özünə qərəz, korrupsiya ittihamı var kimi qəbul edərək şəxsiyyətə yönəlməsi çox yanlışdır. Jurnalistin şəxsiyyətinə etik olmayan ifadələr yönəltmək təbii ki, arzuolunan və yolverilən hədd deyil. Bu baxımdan jurnalist istəsə mülki qaydada bu məsələni nüfuzuna vurulan zərərlə bağlı məhkəməyə də daşıya bilər. Amma Çingiz Abdullayev, əslində, şifahi verə biləcəyi cavabı verir. Sadəcə o, yanlış ifadələr istifadə etməsəydi, ondan sonra jurnalist detalları alıb müqayisə edə bilərdi".
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında qalmaqal yaşanıb. Belə ki, qurultayda BakuTV-nin əməkdaşı, Xalq yazıçısı Çingiz Abdullayevə “Burda 200-300 minlik bir şey varmı” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.
 






Fikirlər