Cənub rayonları hələ də sel suları altındadı - Fotolar

 

01“Ötən yağışdan qalan sular çəkilməmiş yenidən yağışlar başladı. Həqiqi mənada yağışdan çıxıb yağmura düşmüşük, qardaş. Vəziyyət daha da ağırlaşıb. Su ərazidə dizdən yuxarıdır. Ora gedək, baxın nə vəziyyətdə yaşayırıq. Su altında qalan evlərin sayı 100-ə çatır”.
Bunu Astara şəhər sakini Fətəli Feyziyev deyir. O bildirir ki, şəhərin Kaverin küçəsində yaşayırlar. Su altında qalan evlərin sayı 100-ə çatır. Onunla birlikdə yağış suların qalxdığı ərazidə olduq. Kaverin küçəsi ilə Aydın Məmmədov küçəsini birləşdirən ara yolla hərəkət etmək mümkün deyil. Uzunboğaz çəkmə boy vermir.Fətəli Feyziyev qonşularını səsləyir. Uzaqdan bizi görən sakinlər elə bilirlər ki, icra orqanlarından gəlmişik.
Sakinlərdən biri bizə deyir: “Neçə dəfə gəlirsiniz, iş görün də. Uşaqlarımız məktəbə gedə bilmir. Xəstələrimiz var. Bazara çəkmə geyinb gedirik”.
Bələdçimiz Fətəli Feyziyev jurnalist olduğumuzu deyir. Bizə yaxınlaşan sakinlər üzr istəyir və bildirirlər ki, suyun çəkilməsi ilə bağlı tədbirlərin görüləcəyinə inanmırlar.
Küçənin digər bir sakini evinin uçacağından ehtiyat etdiyini söyləyir.

Onlardan biri özünü təqdim edir: ”Abdulla Tağıyev. Hər yerdə deyin ki, bizi yaddan çıxardıblar. Su o qədər qalxmışdı ki, səsvermə günü ara yollardan keçə bilmədik. Əvvəllər bura balaca bir göl olub. Qurutdular, ev yeri kimi satdılar. Suyun axdığı arxları da doldurdular. Nəticədə su getmir. Yüz imza ilə yuxarı orqanlara şikayət etmişik. Xahiş etmişik ki, suyun qarşısını alsınlar. Gəlirlər-gedirlər, amma iş görən yoxdur. Bələdiyyə var, hökumət var. Bunlar haradadırlar? Nə üçün tədbir görmürlər?”
Astara şəhərində Xəzər dənizinə yaxın ərazidə və Heydər Əliyev prospektində yerləşən bir çox evləri su basıb.
Şəhərin Kələdəhnə hissəsində də vəziyyət yaxşı deyil. Ərazidən dənizə axan çayların səviyyəsi gündən-günə artır. Çayların daşması təhlükəsi meydana gəlib.
Astara şəhər icra nümayəndəsi Şahverən Cavadov isə “Azadlıq”a deyir ki, suyun axıdılması üçün kanalın biri Astaraçaya birləşdirilib. Digər yerlərdə də təbirlər görülür.
İntensiv yağan yağış Lənkəran və Masallıda da problemlər yardıb. Lənkəran-Boradigah-Masallı yolunun hər iki tərəfində yerləşən 5 kəndi su basıb. Lənkərançayın səviyyəsi gündən-günə qalxır. Onun daşması ehtimalı var.
Sütəmurdov kəndin Lənkərançayına yaxın olan hissəsində su qalxmaqda davam edir. Sakinlər uzunboğaz çəkmə ilə hərəkət etmək məcburiyyətində qalıblar.






Fikirlər