NAXÇIVAN GÖMRÜYÜNƏ MÜVƏQQƏTİ RƏİS TƏYİN OLUNDU - Vüqar Əliyev kimdir? (Yenilənib)
Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyinatı olub. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası DGK-nin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb. Qeyd edək ki,Vüqar Əliyev 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbi bitirib. 2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əyani aspiranturaya daxil olmuş, 2005-ci ildə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir. 2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Komitə rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülmüş, Fəxri Fərmanlarla təltif edilmişdir. Eyni zamanda Komitə sədrinin müvafiq əmrlərinə əsasən 2016-cı ildə "Gömrük Xidməti Əlaçısı", 2019-cu ildə uzun müddət və qüsursuz xidmətə görə "Gömrük orqanlarında xidmətə görə" III dərəcə, 2020-ci ildə isə "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanları ilə təltif olunmuşdur. Ümumdünya Gömrük Təşkilatının Baş katibi tərəfındən sertifikata layiq görülmüşdür. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul 2016-cı il tarixli qərarı ilə dosent elmi adı verilmişdir. Məlumat üçün deyək ki, bir neçə gün öncə Prezident İlham Əliyevin fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.