Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar.
Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər.
Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir.
Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük.
General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!
14:13
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub.
Mükafatları hərbçilərə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar təqdim ediblər.
Nazirlər daha sonra video telekonfrans üsulu ilə təlimdə iştirak edən qoşunlara müraciət ediblər.
Çətin hava və relyef şəraitində uğurla həyata keçirilən təlimdə iştirak edən qoşunları təbrik edən hər iki ölkənin müdafiə nazirləri həyata keçirilən fəaliyyətin yekun qiymətləndirilməsi üçün keçirilən toplantıya qatılıblar.
Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri təlimi izləyib.